Silsilə bayram tədbirləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

Tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.

Tədbirlərdə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə irqi, milli, dini, sinfi bərabərsizliyin ləğv edildiyini, bütün vətəndaşların hüquq azadlığının təmin olunduğunu, qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, dövlət bayrağının qəbul olunduğunu, himn və gerbin hazırlandığını diqqətə çatdırıblar.

"Cümhuriyyət tariximizin qızıl səhifəsidir", “AXC-100 il”, “Azərbaycan dünyam mənim”,  "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır", “Cümhuriyyət-100”, "Azərbaycanın dünəni və bu günü", “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir”, "Bir kərə yüksələn bayraq bir daha enməz!" adlı tədbirlərdə şagirdlər AXC-nin 100 illik yubileyinə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bundan əlavə, tədbirlərdə AXC-nin fəaliyyəti və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin, fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM