Poeziyamızın Bəxtiyarı B.Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə
Himn oxunur.Aytac – Xoş gördük sizi hörmətli tədbir iştirakçıları! Bu günkü tədbirimiz çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, elinə, torpağına, kökünə bağlı, təkrarsız, fərdi milli çalarlı, öz sinəsində hər zərbəyə açıq ürək gəzdirən, poetik söz dünyasının ləyaqətli təmsilçisi Bəxtiyar Vahabzadəyə həsr olunur. Şahin – Tarixə Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir və saymaqla qurtarmayan böyük şəxsiyyətlər bəxş edən Azərbaycan xalqı XX əsrin burulğanından qeyrətlə keçən Bəxtiyar Vahabzadəni də bu millətə nəsib etmişdir. Aytac – Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, özü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan. İndi isə 5-ci sinif şagirdi Saranın ifasında “Azərbaycan”şeirini dinləyək. Şahin – Bəxtiyar Vahabzadə ömrünün bütün mərhələlərində öz idealına sadiq olmuş, həqiqətin, azadlığın, nəcibliyin, yer üzündə əmin-amanlığın mücahidi və tərənnümçüsü olmuşdur. Aytac – Bəxtiyar Vahabzadə poeziyası güclü və gərəkli poeziyadır. Çünki o, el-obaya həqiqətin yolunu nişan verən, xalqın taleyinə yanan, zahiri parıltılar arasında gizlənməyən bir poeziyadır. İndi isə B.Vahabzadənin həyatı haqqında video çarxı izləyək. 10-cu sinif şagirdi Aygünün ifasında “Yadındamı” mahnısını dinləyək. Şahin – Dahi şəxsiyyətlərə məxsus olan ən nəcib xüsusiyyətlər B.Vahabzadənin xarakterində toplanmışdır. Sadəlik, təvazökarlıq, sənətə, xalqa qarşı hiss etdiyi məsuliyyət Bəxtiyarı əlçatmaz pilləyə qaldırdı və o, çağdaş Azərbaycan ədəbiyyatının ən yüksək zirvələrindən birini fəth etdi. Şair təvazökarlığı “Özümdən narazıyam” şeirində çox gözəl şəkildə təsvir edilmişdir. İndi isə 8-ci sinif şagirdi Səmranın ifasında həmin şeiri dinləyək.Aytac – Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdı. Əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdi səsini Azərbaycanın.Aytac – Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Qorxaq adam “Gülüstan”ı yazmazdı deyən şair haqlıdır. Fəlakətə getdiyini qabaqcadan bilən B.Vahabzadə daim mübariz olmuş, əqidəsindən bir an da dönməmişdir. Lirizim və vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa simlərdir. O, vətənpərvərdir, o, aqildir, nəsihətverən, yolgöstərən sənətkardır. İndi isə 8-ci sinif şagirdlərinin ifasında “Anam Azərbaycanım” mahnısını dinləyək. Şahin – Bəxtiyar şeiriyyatında anaya, ana dilimizə, Vətənə həsr edilmiş şeirlər çoxdur. Həqiqətən dil bizə Allahın verdiyi böyük bir nemətdir. Dil yalnız ünsiyyət vasitəsi yox, millətin varlığını şərtləndirən həlledici amildir. Dil yoxdursa, millətin varlığından danışmaq əbəsdir. XX əsrin sonlarında Azərbaycan xalqının ərimək qorxusunda olan dilinin yaşaması və inkişaf uğrunda mübarizə aparan vətənpərvərlərdən biri də Bəxtiyar Vahabzadə oldu. Böyük şair üçün qılıncdan od alan, möhtəşəm nurlu, insan oğlunun ad-sanı, vicdanı, şərəfi, şöhrəti, qeyrətidir. Ana dili – Azərbaycan dili. Dil açanda ilk dəfə ana söyləyirik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə. Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır. Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil, - əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək. Aytac – Böyük şairimizin dillər əzbəri olan şeirlərində azadlıq mövzusu həmişə aparıcı olmuşdur. O, yüksək tribunalardan üzünü xalqa tutub deyirdi: Azadlıq kimdənsə umulmamalıdır. Onu xalq özü qazanmalıdır. 7-ci sinif şagirdi Fəridin ifasında “Mən türkəm” şeirini dinləyək. İndi isə sazda ifa edir Vüsal. (Sarı tel)Şahin – B.Vahabzadə zamanı, vaxtı uydurma hesab edirdi. Vaxtı kim saata, dəqiqələrə bölüb bilinmir. Bir şeyin ki əvvəlini bilmirik, deməli sonunu da bilmirik. Təbiətdən savayı hər şey qurmadır İlkini bilmiriksə, vaxt da bir uydurmadır. Dünya dəyişir. Aləm fırlanır. Hər fırlananda da tarix yaranır, insan özündən ayrılır, başqalaşır. Şair dəyişən dünya ilə özünü “Dünyamı, mənmi?” şeirində müqayisə edir. Həmin şeiri 8-ci sinif şagirdi Büllurun ifasında dinləyək. İndi isə Aygünün ifasında “Ey vətən oğlu” mahnısını dinləyək. Aytac – Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb yaratmışdır. Onu ürəyəyatan şeirlərinə görə “Lirik şeirlər şairi” adlandırmışlar. Təbiət vurğunu olan şair öz ömrünü fəsillərə bənzədərək, çox gözəl bir sənət əsəri yaratmışdır. Həyatın şirinliyini, ləzzətini itirmişəm deyən şair keçən günləri xatırlayır, ömrünü fəsillərə, qocalığını xəzana dönmüş payıza bənzədir. 8-ci sinif şagidi Gülərin ifasında “Ömrün payızı”şeirini dinləyək. Şahin – B.Vahabzadənin fəlsəfi mövzuda yazılmış şeirləri də üstünlük təşkil edir. Onun mövzu dairəsi genişdir, mürəkkəbdir, zəngindir. Şairə görə, ağıl Allahdır, hiss şeytandır. Ağlının önündə səcdə qıl, əyil, Ağıl düşüncənin mötəbər şahı. Ağlını eşidən heç kəsi deyil, Allahı eşidir, yalnız Allahı.İndi isə Fatimənin ifasında “Allah” şeirlərini dinləyək. 8-ci sinif şagirdi Şəbnəmin ifasında “Nəğmələr” mahnısını dinləyək. Aytac – Xalq musiqisini, onun zəngin məna çalarlarını dərindən duyan, yaşayan şair şeirin gücü ilə qəlbimizi, hisslərimizi çox-çox qədimlərə qanadlandırır. Şair muğamın mahiyyətini, incə məna çalarlarını açmaqla yanaşı, onun təbiət və cəmiyyətdəki oxşarlıqlarını, xalqımızın psixologiyası, dünyagörüşü, sevinc və kədəri ilə bağlı bütün əlamətlərini “Muğam” poemasının ruhuna hopdurmuşdur. İndi isə 7-ci sinif şagirdləri Ülviyyə, Jalənin ifasında bir parça dinləyək. (Tarda ifa edir Elşad) (Slaydda təbiət mənzərəsi gedir).Şahin – B.Vahabzadə Qarabağ mövzusunda şeirlər, oçerklər yazmışdır. Bunlardan biri “Qarabağ atı” şeiridir. Bu şeir 1956-cı ildə İngiltərə kraliçasına hədiyyə olunmuş Qarabağ atı haqqındadır. Gəlin rus bölməsinin şagirdlərinin ifasında şairin şeirindən bir parça dinləyək. (Məhəbbət müəllimə slayd, “Cıdır düzü” slaydı, atların videosu səssiz).İndi isə Nəzrinin ifasında “Oxuma, bülbül” şeirini dinləyək. (Saz “Ruhani”)Aytac – B.Vahabzadənin şairliyi, filosofluğu da, ictimai xadimliyi də mənsub olduğu xalqa məxsusdur. Onun əvəzedilməz şeirləri xalqın dilində əbədi bir zümzüməyə çevrilib. Dövrlər dəyişir, ömür keçir, lakin həqiqi sənət, dünyanı bizim üçün əbədi, həmişəyaşar varlığa çevirir. Şahin - İnsan övladı şair və yazıçıların övladıdır. Çünki biz onların əsərləri ilə tərbiyələnirik, həyatı onların əsərlərindən öyrənirik. B.Vahabzadəyə görə, əgər cəmiyyətdə əyrilik varsa, bunda şairlərin də günahı vardır. Şairlik məsuliyyətli işdir. Vətən övladını daim həqiqət yoluna çağıran şair “Xeyir və şər” şeirini yazmışdır. İndi isə Nərmin və Saranın ifasında şairin şeirlərindən parçalar dinləyək. Aytac – Ədəbiyyat, sənət hissin övladıdır. Hisslər şairi olan B.Vahabzadə ömrü boyu özünü dərk etmək üçün mübarizə aparmışdır. Mən nə istəyirəm, ərzim nə, məqsədim nə deyən şair insan psixologiyasını dərindən bilmiş, insanları həyatda özünü tanımağa çağırmışdır. 9-cu sinif şagirdi İlahənin ifasında “Təklik” şeirini dinləyək. Şahin – Bəxtiyar Vahabzadə - millətçilik məktəbi deyil, millətsevərlik məktəbidir. Dilimiz, millətimiz durduqca Bəxtiyar Vahabzadə də əbədi yaşayacaqdır. Xorun ifasında “Azərbaycan” mahnısı dinləyək.Aytac – Hörmətli qonaqlar Mir Şahinin B.Vahabzadə ilə apardığı “Təmiz söhbət” verilişindən video çarxı izləyək. Aytac – Hörmətli tədbir iştirakçıları, beləliklə sevimli şairimizə həsr olunmuş tədbirimizin sonuna gəldik. Şahin – Sonda onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə cismən bizimlə olmasa da , o, ruhən hər zaman bizimlədir. Xalqımız heç bir zaman öz böyük sənətkarını unutmayacaq.