Uğurun sirri

Məktəbli dost! Mənə elə gəlir ki, uğurla bağlı bu mövzu sənin üçün maraqlıdır. Hər kəs uğur qazanmaq istəyir, amma hamı buna nail ola bilirmi? Əlbəttə, cavab bəllidir: xeyr. Niyə? Bax elə bizim haqqında yazmaq istədiyimiz də bu “niyə” cavabıdır. "Niyə" sualını həll etmək üçün sən indidən özün üçün fəaliyyət planı müəyyənləşdirməyi, sistemli və nizamlı çalışmağı, oxuduqlarını anlamağı, tətbiq etməyi, müqayisə və təhlillər aparmağı və s.ni bacarmalısan.
Əziz dost! Düşünürəm ki, sənə indiki yaş dövründə dərslərində uğur qazanmaq daha vacibdir. Çünki indi dərslərində nailiyyətlərin əla olsa, bu, o deməkdir ki, gələcəkdə işlərində, karyeranda da başarılı olacaqsan. Mənə elə gəlir ki, müəyyən təcrübəyə malik bir müəllimin, pedaqoqun fikirləri, uğur qazanmaq üçün müəyyənləşdirdiyi, oxuduqlarından, gördüklərindən sənin üçün etdiyi qeydlər maraqlı ola bilər. Odur ki, aşağıdakı məsələlərə diqqətlə yanaşmağını, gündəlik fəaliyyətində onlardan istifadə etməyi tövsiyə edirəm.
1.Hər gün davamlı, müntəzəm olaraq oxu. Sabah dərsinin olub-olmamağından asılı olmayaraq, oxumağı, mütaliəni, eyni zamanda oxuduqlarını təhlil etməyi vərdişə çevir.
2.Beynində oxuduğun mövzunun xəyali modelini çək.Oxuduğun, üzərində işləyib bitirdiyin mövzuya, materiala "quş uçuşu"ndan bax. Mövzunun nədən ibarət olduğunu, nəyi çatdırmaq istədiyini, oradakı səbəb və nəticə əlaqələrini, zəruri fikirləri müəyyən et.
3.Oxuduqlarını qeyd et. Qeydləri səliqə ilə sırala.Yaxşı olar ki, şəxsi kompüterində özün üçün “Oxu”, yaxud “Əlaçı” və ş. başqa adda bir elektron kitab yaradasan. Hər gün qeydlərini, oxuyub anladıqlarını oraya qeyd edəsən.
4.Məktəbdə müəllimin verdiyi bütün tapşırıqları diqqətlə həll et. Başa düşmədiklərini müəllimdən soruş, öyrən. Və mütləq onları da öz elektron kitabında yaz.
5.Hansısa dərsdə olmamısansa, növbəti dərsdə həmin materialı mütləq öyrən və müəllimdən başa düşmədiyin hissələrini soruş. Həmin mövzu ilə bağlı sual-cavablarda fəal iştirak et.
6.Növbəti dərsin mövzusuna əvvəlcədən diqqətlə nəzər yetir. Növbəti yeni dərsin nədən bəhs etdiyini, hansı əsas məsələlərdən bəhs edəcəyini müəyyənləşdir. Müəllim yeni dərsi izah etdikdə sən artıq dərsdə dərsi öyrənəcəksən.
7.Özün üçün plan qur. Bil ki, ən pis plan plansızlıqdan yaxşıdır.
8.Hər axşam sabahkı dərslər üçün kitabları, dəftərləri qələm və karandaşları, digər alətləri hazır et. Bil ki, uğurun əsas sirri intizamdır.
9.Özünü qiymətləndir. Hər axşam yatmazdan əvvəl özünə sual ver: bu gün nə əldə etdim?
10.Müəllimlərinlə dost ol.
Əziz dost! Bu mövzuda müzakirə və təhlillərimiz davam edəcək. Növbəti yazılarımızda mən səni uğur haqqında ən maraqlı nümunələrlə, təcrübələrlə tanış edəcəyəm. Hələlik!
Arif Əsədov
Liseyin direktoru