Məktəbdaxili qiymətləndirmə ilə bağlı Pedaqoji Şuranın iclası

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının "Xüsusi karantin rejimi dövründə ümumtəhsil pilləsində təhsilanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları" ilə əlaqədar olaraq 147 nömrəli texniki-humanitar liseydə Pedaqoji Şuranın növbədənkənar onlayn iclası keçirildi. İclasda kollegiyanın qərarından irəli gələn məsələlər, qiymətləndirmənin formaları və vasitələri, şagirdlərin və müəllimlərin qarşılaşa biləcəyi çətinliklər və onların ədalətli həlli yolları müzakirə edildi. Liseyin direktoru Arif Əsədov "Qərar"la bağlı çıxış etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Babayeva müəllim və şagirdlərin cari çətinlikləri ilə bağlı məlumat verdi. Müəllimlər müzakirələrdə fəal iştirak etdilər. Qərara alındı ki,
1) Məktəbdaxili qiymətləndirmə Təhsil Nazirliyinin Kollegiyasının qərarının bütün tələbləri gözlənilməklə, 22, 23, 25, 26 yanvar tarixlərində keçirilsin.
2) Ədalətlilik prinsipi mütləq gözlənilsin.
3) Qiymətlərin şagirdin hazırkı bilik və bacarığını əks etdirməsi təmin edilsin.
4) 21 yanvar 2021-ci il tarixində qiymətləndirmə keçirilməsin. Həmin gün şagirdlərə qiymətləndirmənin vaxtı, forması izah edilsin.
5) Bütün qiymətləndirmə prosesi videoyazıya alınsın. Proses protokollaşdırılsın.
6) Bütün şagirdlər qaydalardan xəbərdar olsunlar və tədris materialını diqqətlə təkrarlasınlar.
Sonda məktəbdaxili qiymətləndirmə prosesinə nəzarət üçün komissiya sədri, üzvlər müəyyənləşdirildi. Problemlərin həlli üçün məsul şəxslər, apelyasiya şurası yaradıldı. Sonra Pedaqoji Şura növbədənkənar onlayn iclası yekunlaşdırdı.
Bu gün liseyin şagirdləri, valideynlər həm Kollegiyanın, həmçinin də Pedaqoji Şuranın qərarları ilə məlumatlandırılacaqlar.