Tanıyaq və tanıdaq!

    Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid  M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

  Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.Öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

   Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır.

   Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb.

2011-ci ildə Milli Qəhrəman. Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən İbrahimova “İlin adamı” mükafatı təqdim olunmuşdur.  2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva, ombudsman Elmira Süleymanova və digərləri çıxış etmişdir. Həmin ildə “Palmali” şirkətinin Türkiyədə hazırladığı yük gəmisi onun şərəfinə "Mübariz İbrahimov" adlandırılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılmışdır. 2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilmişdir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi