Vətənpərvərlik tərbiyəsi başlıca məqsədimizdir !

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində təhsil müəssisələrində təbriyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi  dəyərlər və vətənpərvərlik ruhunda  tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəallıq, fəal vətəndaş mövqeyinin  formalaşdırılması sahəsində komplektləşdirilmiş tədbirlərdə irəli sürülən müddəalar təhsilin inkişafında yeni üfüqlər açır. 

        Biz,147 nömrəli Texniki-Humanitar liseyin pedaqoji kollektivi olaraq bu müddəalardan irəli gələn vəzifələri həyata keçirməyə iddialıyıq və hazırıq.

        Böyüyən nəslin milli-mənlik şüurunun düzgün məzmunda və keyfiyyətdə formalaşması və onların vətənpərvər ruhda tərbiyə olunması müstəqil dövlət quruculuğu seçən ölkəmizin əsas prioritet istiqamətlərindəndir.

        Ulu öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında belə demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”. O, vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi.

İnsanın ən ali və əzəli hislərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən başlayır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil, həm də vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, onun yolunda hünər, qəhrəmanlıq, fədakarlıq göstərməkdir. Eyni zamanda, vətənin, xalqın hər bir qalibiyyətinə, uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, onu da bütün hislər kimi tərbiyə etmək, möhkəmləndirmək, inkişaf etdirmək lazımdır.

Danılmaz həqiqətdir ki, vətənpərvərlik hissi insanda bir çox mənəvi keyfiyyətlər - qəhrəmanlıq, fədakarlıq, cəsurluq, mətinlik, dözümlülük hisslərini gücləndirir. Eyni zamanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan əsas amildir.

Ölkə prezidenti cənab İ.Əliyevin dediyi kimi, bizim gənc nəslimiz bilir ki, savadlı olmalıdır, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir.

Azərbaycanın gələcəyi üçün hazırlıqlı, peşəkar. Vətəni sevən, Vətənə bağlı olan kadrların hazırlanması bizim üçün prioritet məsələdir.

Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri vətənpərvərlik duyğularının aşılanması və inkişaf etdirilməsidir. Həmin sahədə həyata keçirilən təbliğat, maarifləndirmə, kütləvi tədbirlər şagirdlərin mənəvi, psixoloji, fiziki hazırlığının təmin edilməsinə, qloballaşmanın böyük vüsət aldığı bir dövrdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına istiqamətlənir.

Söz yox ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğu üçün məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması daima təlim-tərbiyə işinin vacib məsələlərindən biri olub. Xalqımız gələcək nəslin Vətənə məhəbbət, el-obaya, soy-kökünə, adət-ənənələrinə hörmət, sədaqət ruhunda tərbiyə olunmasına məsuliyyətlə yanaşır.

Torpaqlarımızın 20 faizinin erməni işğalçıları tərəfindən zəbt olunduğu bir dövrdə şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə orta məktəblərdə tədris olunan Tarix, Ədəbiyyat, Coğrafiya,  “Gənclərin çağırışaqədərki hazırlığı” fənləri böyük rol oynayır. “Gənclərin çağırışaqədərki hazırlığı” fənni öz məzmunu etibarı ilə şagirdlərə dövlətimizin silahlı qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının öyrənilməsi, onların ordu həyatı  ilə tanışlığı, psixoloji və fiziki cəhətdən hazır olmalarını, Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf olmasına inamın yaradılmasını, vətənpərvərlik, cəsurluq, dözümlülük, intizam və məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki-müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşmasını nəzərdə tutur. Eyni zamanda bütün fənlərin, xüsusilə də Tarix fənninin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar yaradır.

Vətən yolunda, torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş oğulların, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət və elm xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.

Vətən! Vətəndaş! Vətənpərvərlik! Bunlar geniş anlayışdır. İlk növbədə bu sözlərin mənasını düzgün başa düşmək lazımdır. Bunları düzgün anlasaq, demək bizdən vətəndaş olar.

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı.

Əsl vətəndaş, vətənpərvər o demək deyildir ki, hər kəs əlinə silah alıb səngərdə vuruşmalıdır. Əsl vətəndaş Vətəni sevməyi bacarmalıdır. Dilini, dinini, Vətəninin ərazi bütövlüyünü qorumağı bacarmalıdır. Dövlət qanunlarına hörmətlə yanaşmalı, atributlarımızı bilməli, sərvətlərimizi göz bəbəyi kimi qorumağı bacarmalıdır. Ən ümdəsi də odur ki, həyatda yerini düzgün tutmalı, vətənə layiq övlad olmalıdır. Əsl vətənpərvər lazım gələndə canını qurban verməyi belə bacarmalıdır.

Can qurban etmənin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyaram başımı ayaqlarına,

Ey ana torpağım! Ey Azərbaycan!

                                                                                                                                   Vüsalə Babayeva,

  Bakı şəhər 147 nömrəli texniki-humanitar liseyin

tarix müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi