2020-ci il “Könüllülər ili” elan edilmişdir

 

                  -Zəhmət olmasa, könüllülərə yaxınlaşın, sizə kömək etsin!

Yuxarıdakı cümləni ASAN xidmət mərkəzlərinə müraciət edən hər kəs, düşünürəm ki, eşitmişdir. Və elə həmin cümlənin məzmun yükü altında gələcəyə, inkişafa, xoş və isti müna­si­bətlərə çağırı duyulur, hiss edilir.

Bu gün Azərbaycan sosial həyatının bütün sahələrində hər kəsin, demək olar ki, hər gün eşitdiyi kəl­mə­lər­dən biri də “könüllü”dür: dostluq, mehribanlıq, səmimiyyət, gülər üz, yardım­laşma, kömək etmə ənənələrinin davamı və yeni məzmunda inkişafını özündə əks etdirən kəlmə.

“Könüllülük” həm də yeni karyeraya başlanğıcıdır. “Könüllülük” həm də vətəndaş məsuliy­yə­tinin dərkidir. “Könüllülük” həm də paylaşmaqdır, yardımlaşmaqdır.

30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könül­lülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda qeyd edilir: “Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətən­pərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.

Könüllü fəaliyyət yalnız özəl sahibkarlıq, yaxud dövlət sektorunu deyil, bütün sferaları əhatə edir. Şəxsin öz iradəsi və sərbəst seçimi əsasında əvəzi maddi olaraq ödənilməyən fəaliyyət növü hesab edilən könüllük artıq dünya səviyyəsində və eyni zamanda Azərbaycanda milli hərəkata çevrilmişdir.

Könüllülük həm də bacarıqların inkişaf etdirilməsidir. Buraya iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, şəxsi yüksəliş istəkləri, şəxsi həyatında dəyişiklik etmək istəyi, cəmiyyətə faydalı olmaq həvəsi, cəmiyyətdə lazım olduğunu hiss etmək, lider olmaq, müxtəlif qruplarda eyni cür düşünən insanlarla görüşmək, problemlərin həllində iştirak etmək, özünü ifadə etmək, özünü doğrultmaq, vaxtını faydalı keçirtmək, qrupda işləmək, çevik qərar vermək və s. daxil edilir.

Biz hər hansı bir iş üçün müraciət edəndə, əgər CV–mizdə könüllü fəaliyyətimiz qeyd olunubsa, demək, bu bizim üçün müsbətdir və xeyrimizədir.

             Vurğulamaq istəyirik ki, könüllülük 9 iyun 2009-cu il tarixində  “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respubli­ka­sının qanunu ilə tənzimlənən fəaliyyətdir. Həmin qanunla könüllü fəaliyyətin aşağıdakı istiqamətləri müəyyənləşdirilmişdir: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Respublika Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə bağlı sərəncamını liseyimizin kollektivi də yüksək qiymətləndirir və bu prosesdə yaxından iştirak etməyi düşünür.

 

                                                                                                                                                                                                               Arif  Əsədov

                                                                                                                                                                                      Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi