“Yay məktəbi” çərçivəsində ekskursiyalar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi” çərçivəsində ekskursiyalar təşkil edilir.

Məktəblilər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Ekskursiyalar çərçivəsində məktəblilər Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Bakı Kitab Mərkəzi, Şirvanşahlar sarayı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, görkəmli sənətkarların ev muzeylərinə və digər yerlərə səfərlər edirlər.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkına ekskursiya zamanı Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir. Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, qürurverici hisslər yaşadır.

Muzeylərə ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

Şagirdlər muzeylərdə tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılır, müxtəlif dövrlərə aid eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM