Respublika ikincisi

İstedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarının nümayiş etdirilməsinə imkan yaradılması məqsədi ilə təşkil edilmiş Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri məlum oldu. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə 9,10,11-ci sinif şagirdlərinin-ümumilikdə 33 mindən çox məktəblinin iştirak etdiyi bilik yarışmasında Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mahmudlu Lamiyə coğrafiya fənni üzrə 2-ci yerə layiq görülmüşdür. Birinci sinifdən 115 nömrəli məktəbdə təhsil alan Lamiyə Mahmudlu oxuduğu müddət ərzində həmişə dərs əlaçısı olmuş, fənn olimpiadalarında, inşa yazı müsabiqələrində, "Xəmsə", bir çox intellektual yarışmalarda fəal iştirak edərək məktəb və şəhər turlarının qalibi olmuşdur. 13.05.2018-ci il tarixdə ali məktəblərə keçirilən qəbul imtahanının 1-ci mərhələsində 622 bal toplamışdır. Əldə etdiyi nailiyyətlərə görə şagirdimizi, valideynlərini və müəllimləri ürəkdən təbrik edirik. Ali məktəbə keçirilən imtahanların növbəti mərhələlərində şagirdlərimizə uğurlar diləyirik.