Səfərov Abil Əli oğlu 1971-ci ildə Bakının Əmircan kəndində anadan olub. Səfərov Abil 1978-ci ildə Əmircan kəndində yerləşən 114 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 1985-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib,suraxanı rayonunda yerləşən 1 nömrəli texniki peşə məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra 1990-cı ilin may ayında əsgəri xidmətə çağrılıb. Əsgəri xidmətini Leninqrad (indiki Sank- Peterburq) şəhərində 1992-ci ildə başa vurub vətənə qayıdıb. Vətən sevgisi onu o illərdə baş verən hadisələrə biganə qalmağa imkan vermədi. Əlinə silah götürüb könüllü olaraq müharibə zonasına yola düşdü. Son damla qanına qədər Fizuli rayonun müdafiəsində iştirak edib. Son döyüş zamanı Abil Səfərovun gülləsi bitdiyindən düşmənlərə əsir düşməsin deyə özünü qumbara ilə partladıb. 1992-ci il noyabrın 6-da "Üryandağ yüksəkliyi" uğrunda şəhid olmuş Abil Səfərov şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 114 nömrəli tam orta məktəb hal-hazırda şəhid Abil Səfərovun adını daşıyır.