FƏXRİMİZ

 

Seyfulla Yadulla oğlu Məmmədov 20 fevral 1965-ci ildə Navahı  kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasının işləri ilə əlaqədar Qaradağ rayonu Ələt qəsəbəsinə köçmüşlər. Ələt qəsəbəsinə köçdükdən sonra anası Məmmədova Həliməxatun Əliqulu qizini itirmişdir. Seyfulla kiçik yaşlarından atasının himayəsində böyüməsinə baxmayaraq öz həmyaşıdları arasında öz tərbiyyəsi, xeyirxahlığı, qayğıkeşliyi ilə fərqlənmişdir. O, 1972-ci ildə Ələt qəsəbəsi 110 saylı orta məktəbə birinci sinifə getmişdir. Məktəbdə öz müəllimlərinin hörmətini qazanmış, həmişə nizam intizamlı, məktəbin bütün ictimai tədbirlərində fəal iştirak etmişdir.

Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Seyfulla həmyaşıdlarından vətənə məhəbbəti ilə də fərqlənirdi. 1982-ci ildə orta məktəbi başa vurduqdan sonra Qaradağ rayonun Hərbi Komissarlığından  Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə yollanmışdır.

Hərbi xidməti o dövrdə SSRİ-yə tabe olan Qırğızıstan Respublikasının Frunze şəhərində olmuşdur. Hərbi xidməti dövründə snayperçi vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Seyfulla Məmmədov fərqlənmə ordeninə layiq görülmüşdür.

İki illik xidməti müddətində göstərdiyi rəşadətlərinə və öz nizam-intizamına  görə Seyfullanın atasına tez-tez  təşəkkür məktubları göndərilərdi.

1985-ci ildə sağ-salamat hərbi xidməti başa vurub vətənə qayıtdıqdan sonra Ələt Ağac Emalı Zavodunda çalışmağa başlamışdır. 1988-ci ildə ailə həyatı qurmuş Seyfulla Məmmədovun iki qız övladı var. Mənfur qonşularımızın torpaqlarımıza olan işğalçılıq siyasəti vətənimizin hər bir qəhrəman oğluna təsir etdiyi kimi Seyfulla da bu hadisələrə biganə qala bilmirdi. Məhz buna görə də 1990-cı illərdə Bakıda baş vermiş “Qanlı Yanvar” hadisələrində  fəal iştirak etmiş azadlıq mübarizləri ilə çiyin-çiyinə dayanmışdır. Mən o dövrdə kiçik olsam da babam Yadullanın və anamın xatirələrinə əsaslanaraq deyə bilərəm ki, atam İsmət Qayıbovun fikirlərini daim dəstəkləyər və onun çağırışına səs verərək könüllü ön cəbhəyə getmək üçün öz adını yazdırır. Seyfulla Məmmədovun vətəninə, millətinə olan sevgisi çox böyük idi. O, hemişə Şəmistan Ağazamanlının o dövrlərdə yazdığı döyüşə çağırış ruhunda olan musiqilərini dinlədikçə daha da doyüşə getməyə ruhlanardı. 1992-ci ilin fevralında baş vermiş “Qanlı Xocalı Faciəsi” Seyfullanı lap hövsələdən çıxararaq qəti qərar verməsinə səbəb oldu. Məhz 1992-ci ilin əvvəllərində Qarabağ uğrunda gedən döyüşlərə qoşuldu. Vətənin dar günündə Kəlbəcər və Ağdərə rayonunda Sərsəng su anbarı yaxınlığında gedən çətin döyüşlərdə vuruşaraq neçə-neçə ermənini məhv etmişdir. Ağdərədə Dranbon yüksəkliyi uğrunda döyüşlər səngimək bilmirdi. Seyfullanın olduğu bölük müəyyən edilmiş yüksəklikdə mövqeyi tutmaqla düşməni geri oturtmaq tapşırığını almışdılar. Əsgərlər döyüş hazırlığını görüb qabaqcadan müəyyən edilmiş ərazidə yerləşdilər. Qələbə əzmi ilə döyüşə atıldılar. Ölüm-dirim savaşında 1992-ci ilin avqust ayının 21-də ölən və yaralanan döyüşçülərimiz çox olmuşdu. Məhz həmin gün cəsur döyüşçü Seyfulla Məmmədov iki yerdən yaralanaraq qəhrəmancasına həlak olmuşdur. Şəhid doğulduğu torpaqda, Navahı kənd qəbiristanlığında dəfn edilmişdir.   

Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə dövlətimiz tərəfindən onun özünün orta təhsil aldığı 110 saylı orta məktəbə Seyfulla Məmmədovun adı verilmişdir. Seyfulla Məmmədov haqqında Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş bir neçə kitabda məlumatlar öz əksini tapmışdır. Bunlara Ağababa Qasımovun “Oğul dağı” və Nuriyyə Ağayevanın “Qaradağ şəhidləri” kitablarını misal göstərmək olar.

Seyfulla Məmmədovun özündən sonra iki qız övladı yadigar qalmışdır. Üç yaşlı Həliməxatın Məmmədova və bir yaşlı Pərvanə Məmmədova. Həyat yoldaşı Nərgiz xanım övladlarının vətənə, millətə və atalarının şərəfli adına layiqli övlad kimi yetişmələrinə nail olmuşdur. Hər ikisi ali təhsil almış və ailə həyatı qurmuşlar. Hər ikisinin iki övladı var. Seyfulla Məmmədov bunun canlı şahidi ola bilməsə də dörd nəvəsi onun şərəfli həyat yolunu örnək götürərək vətənini sevən, daim  babaların  adını  uca tutmağı bacaran övlad kimi yetişdirilir.

                 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi