15 sentyabr – “Bilik günü”dür

Bu gün məktəbdə “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb direktoru Ofelya Məmmədova çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra söz Respublika üzrə Qarabağ Əlilləri Qayğı İctimai Birliyinin sədri Firudin Məmmədova və müavini Məhəmmədəli Hacıyevə verilib. İlk öncə Firudin Məmmədov məktəb direktorunu yeni dərs ili münasibətilə təbrik edib və rəhbəri olduğu birlik adından Fəxri Fərmanla təltif edib.
Onu da qeyd edək ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə İcra Nümayəndəsinin müavini Müzəffərli Səlcuq qonaq qismində iştirak edib.
Tədbirin bədii hissəsində birinci sinif şagirdlərinin təqdimatında şeirlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.