Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən məktəblilərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq,işğal altında olan torpaqlarımız, maddi mənəvi sərvətimiz haqqında şagirdləri məlumatlandırmaq məqsədilə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı faciəsinin tarixindən bəhs olunub. Dərsləri tədris edən müəllimlər fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığını və fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyünü bir daha şagirdlərin diqqətinə çatdırıb. Qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürüldüyü bildirilib.
Tədbirdə məktəblilər Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizi heç zaman unutmamağa səslənilib.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər. Məktəbin həyətində ibtidai sinif şagirdlərinin iştirakı ilə flashmob hazırlanmışdır.