Cəlil Məmmədquluzadənin hekayələri kitabxanada müzakirə olundu

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük realist yazıçı və maarifçi Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş tədbir məktəbimizin kitabxanasında keçirildi. Tədbirdə 5a və 5b sinif şagirdləri fəal iştirak etdilər.
Tədbirin məqsədi şagirdlərə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə məlumat vermək, onun hekayələrinin məzmunu üzərində düşünmək və ədəbi müzakirə bacarıqlarını inkişaf etdirmək idi.
Kitabxanaçı və fənn müəllimi tərəfindən yazıçının həyatı və yaradıcılığı haqqında qısa təqdimat verildikdən sonra şagirdlərlə birlikdə onun “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları” və digər seçilmiş hekayələri üzərində müzakirələr aparıldı.
Müzakirələr zamanı şagirdlər hekayələrin əsas ideyası, personajların davranışları və yazıçının ictimai mesajı haqqında fikir bildirdilər. Onlar müəllifin dövrün cəmiyyətindəki geriliyə, cahilliyə qarşı kəskin tənqidlərini öz sözləri ilə izah etdilər. Bəzi səhnələr şagirdlər tərəfindən canlandırıldı, bu da tədbiri daha maraqlı və yaddaqalan etdi.
Tədbirin sonunda şagirdlər yazıçının əsərlərinin bu gün də aktual olduğunu, gülüş və satira vasitəsilə tərbiyəvi fikirlər verdiyini vurğuladılar.
Belə görüşlər şagirdlərdə mütaliəyə marağı artırmaqla yanaşı, onlara dəyərli ədəbi irsimizi daha dərindən tanımaq imkanı yaradır.