Məktəbin akt zalında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Martın 17-də məktəbin akt zalında Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə İbrahimova öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, zəngin mənəvi dəyərlərimizə söykənərək, insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqımızın əsrlərdən bəri qorunub saxladığı və həmişə əziz tutduğu bayramlardan biridir.
Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.
Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb.