2 Fevral - Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib

2 Fevral - Gənclər Günü münasibətilə məktəb-liseydə gənc müəllimlərlə dəyirmi masa arxasında görüş təşkil olunub.
Görüşdə məktəb rəhbərliyi, təcrübəli müəllimlər və gənc pedaqoqlar bir araya gəldilər. Məqsəd, yeni nəsil müəllimlərin peşəkar inkişafına töhfə vermək, onların suallarını cavablandırmaq və təcrübə mübadiləsini həyata keçirmək idi. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Almaz Bayramova Gənclər Gününün yaranmasından və gənclərə göstərilən dövlət qayğısından, müəllimlərin cəmiyyətdəki rolundan danışdı. Qeyd olundu ki, gənc müəllimlərin düzgün istiqamətləndirilməsi təhsil keyfiyyətinə müsbət təsir edir.
Təcrübəli müəllimlər, öz zəngin pedaqoji təcrübələrindən çıxış edərək, gənc həmkarlarına müxtəlif tövsiyələr verdilər. Onlar sinif idarəetməsi, dərs prosesində yaranan çətinliklərin həlli yolları, şagirdlərlə düzgün kommunikasiya və pedaqoji fəaliyyətin digər mühüm aspektləri barədə praktiki məsləhətlər təqdim etdilər. Müəllimlər arasında maraqlı diskussiyalar keçirildi, gənclər öz suallarını ünvanladı və dəyərli cavablar aldılar. Tədbir gənc müəllimlərin fikir və arzularının dinlənilməsi ilə yadda qaldı. Onlar belə tədbirlərin həm motivasiya mənbəyi olduğunu, həm də müəllimlər arasında həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini bildirdilər.