İnternet şəbəkəsində təhlükəsiz davranış
Məktəb-liseydə uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün "İnternet şəbəkəsində təhlükəsiz davranış" qaydaları ilə bağlı maarifləndirici dərs keçirildi. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, şagirdlər üçün həm əyləncə, həm də tədris vasitəsidir.
Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür.
İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin, zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi" xidmətindən istifadə olunmalıdır. Məlumdur ki, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmir. Bununla yanaşı internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur.