Paytaxt məktəblərinin payız-qış mövsümünə hazırlığına dair mediatur
Noyabrın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.
Paytaxtdakı 54 və 9 nömrəli tam orta məktəblərdə keçirilən mediaturda BŞTİ-nin müdir müavini Orxan Kərimov, Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri iştirak ediblər.
BŞTİ-nin müdir müavini Orxan Kərimov payız-qış mövsümünə hazırlığa və məktəblərin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla (“Azəriqaz”, “Azəristiliktəchizat” ASC, Bakı Regional Qaz İstismarı Departamenti) “Dəyirmi masa” və görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Müdir müavini məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görüldüyünü, hər il olduğu kimi bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlərin aparıldığını bildirib.
O.Kərimov aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlərin aşkar olunduğunu, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparıldığını və digərlərində hazırda müvafiq tədbirlərin davam etdirildiyini nəzərə çatdırıb. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlandığını bildirən müdir müavini problemlərin aradan qaldırılması üçün zəruri işlərin görüldüyünü deyib.
O.Kərimov təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məktəblərdə çalışan ocaqçıların mütəmadi olaraq təlimlərdə iştirak etdiyini qeyd edib.
Müdir müavini məktəblərin payız-qış mövsümünə hazırlığı üçün həyata keçirilən kompleks işlər nəticəsində qarşıdakı mövsümdə istiliklə bağlı elə bir ciddi problemlərin yaşanmayacağına ümidvar olduğunu ifadə edib.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.