“Dostluq dünyamız”
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” və “Multikulturalizm ili” münasibətilə “Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirilib.Festivalın keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünəinam, vətənə məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaq olub.Festival başlamazdan əvvəl istedadlı şagirdlərin əl işlərindən ibarət “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunan sərgi nümayiş edilib.Konsert proqramında ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin özfəaliyyət kollektivləri rəngarəng proqramla çıxış edib.Festivalda istedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı müxtəlif ölkələrin - Türkiyə, Hollandiya, Amerika, Tacikistan, Meksika, Hindistan, Gürcüstan, Avstriya, Qırğızıstan, Rusiya, Özbəkistan, İsrailin musiqi nömrələrini ifa ediblər.Festivalda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” haqqında məlumat verib, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. İdarə müdiri bayram münasibətilə uşaqları təbrik edərək azərbaycanlı balaların səsinin daima dünyanın ən tanınmış ölkələrin tribunalarından, beynəlxalq səviyyəli bilik yarışlarından gəlməsini və hər zaman uğur qazanmasını arzulayıb.