Müsabiqə qalibləri mükafatlandırılıb
“Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, müəllimlər və qalib şagirdlər iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edərək müsabiqənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən bu cür müsabiqələrin böyük əhəmiyyəti var.
İdarə müdiri müsabiqənin mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq videotəqdimat formatında onlayn keçirildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasətinin real şəkildə müsbət təzahürünü göstərdiyi deyən M.Vəliyeva müvafiq inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Çıxış edənlər ənənə halını almış müsabiqənin gənclərin siyasi təfəkkürünün formalaşmasında, onların vətənpərvər ruhda böyümələrində müstəsna rol oynadığını bildiriblər.
Daha sonra şagirdlər onlara göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildirib, bundan sonra da uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər.
Qeyd edək ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, Bakı şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi Riad Hüseynov, 116 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nastya Qəniyeva I dərəcəli, 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Aşumova, 83 nömrəli məktəb-liseyin XI sinif şagird Nərmin Məhərrəmova II dərəcəli diploma layiq görülüblər.
Paytaxtdakı 53 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülsüm Aslanova, 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəms Abbasova, 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi İranə İskəndərli III dərəcəli diplom, 7 nömrəli orta məktəbin X sinif şagirdi Röya Həsənova, 251 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Hüseynli, 327 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlkin Məmişov isə “Tərifnamə” ilə təltif edilib.
Müsabiqə qaliblərinə diplom, “Tərifnamə” və qiymətli hədiyyələr təqdim olunub.