Məktəb icmaları layihəsi barədə seminarlar keçirilir
Bu gün Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə Məktəb icmaları layihəsi haqqında məlumatlandırıcı seminar keçirilmişdir.Seminarın keçirilməsində məqsəd məktəblərin valideyn, şagird və müəllim heyətini layihənin məqsədi və mahiyyəti ilə əyani şəkildə tanış etmək, əsas amalı sistemli biliyə və bacarıqlara, dünyagörüşünə, müstəqil və yaradıcı düşüncəyə malik şəxsiyyət yetişdirmək olan layihə barədə seminar iştirakçılarını məlumatlandırmaq olmuşdur. Psixoloq - Allianz Consult təşkilatının əməkdaşı Sevinc Əmirovanın apardığı seminarda 2015-ci ildə layihəyə ilk cəlb olunan 50 pilot məktəbin fəaliyyəti ilə bağlı məlumat verilmiş, layihə çərçivəsindən həyata keçirilən müsabiqələrdən bəhs edilmişdir. “Məktəb icmaları layihəsi həyata keçirilən məktəblərdə şagirdlər layihələri, tədbirləri özləri düşünür, özləri təşkil edir və eyni zamanda nəticələrini təhlil edirlər. Yəni uşağa sərbəst düşünməyə və fikrini ifadə etməyə şərait yaradılır” deyə təqdimatla çıxış edən Sevinc Əmirova bildirmişdir.Nəzərinizə çatdıraq ki, may ayının 5-dən etibarən Məktəb icmaları layihəsinin davamı olaraq icma şəbəkəsinin yaradılması məqsədi daşıyan bu seminarlar artıq 3, 39, 95, 102, 207, 214, 229, 258, 264, 276, 291 nömrəli məktəblər üzrə baş tutmuşdur.Seminarlar Bakı şəhəri üzrə müəyyən meyarlar əsasında seçilmiş məktəblərdə iyul ayının 7-dək davam edəcəkdir.Qeyd edək ki, məktəb İcmaları layihəsinin həyata keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində çalışan direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq yaratmaq, şagirdlərin dərsdən kənar produktiv vaxt keçirməsinə istiqamət verməkdir. Məktəb İcmaları təhsil müəssisələrinin bir-biriləri ilə də sıx əməkdaşlıq etməsinə və birgə kreativ layihələr həyata keçirməsinə şans yaradır. İcmaların birgə təşkil etdiyi layihələr çərçivəsində valideynlər övladlarının təhsil sistemi ilə yaxından tanış olur, aktiv iştirakçı qismində istiqamət verir. Şagirdlər isə öz növbəsində müstəqil araşdırmalar, mülahizələr edir, fərdi və eyni zamanda yaşıdları ilə birgə komandada işləmək bacarığı əldə edərək əylənir, öyrənir. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi texniki və mənəvi dəstək göstərib bələdçilik edir. Şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edərək qərar qəbul etmə bacarıqlarına yiyələnirlər. Bundan əlavə, şagirdlər dərslərdə əldə etdikləri bilikləri praktikada sınamaq şansı əldə edib müxtəlif nəticələr əldə edirlər.Qeyd edək ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir.Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri www.community.azsaytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər.