Dövlət Bayrağı Gününə həsr olunmuş onlayn tədbirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.
Onlayn tədbirlərin keçirilməsində məqsəd məktəbliləri Dövlət Bayrağı Günü ilə bağlı məlumatlandırmaq, onları dövlət atributlarına hörmət ruhunda tərbiyə etmək, şagirdlərdə vətənpərvərlik hisslərini yüksəltməkdən ibarətdir.
"Zəfər çalan bayrağımız!", "Bayraq mənliyimdir!", “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Bayrağımız baş tacımız!”, “Bayrağımız qürur mənbəyimizdir!” və digər mövzularda təşkil olunmuş onlayn tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə məktəblilərə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə, mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.
Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndirib, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daim uca tutmağı tövsiyə ediblər. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanıb.
Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması və torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza qürur hissi yaşatması barədə fikirlər səsləndirilib.
Onlayn tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin dövlət atributlarına aid əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.