"Müəllim ömrü" adlı tədbir keçirildi

Oktyabrın 4-də müəllim peşəsinə hörmət hissinin aşılanması məqsədlə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr edilmiş "Müəllim ömrü"adlı tədbir keçirildi.
Tədbirdə qeyd edildi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Bu gün müstəqil dövlətimizin davamlı olaraq daha da gücləndirilməsində daim fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir.
Qürur hissi ilə deyə bilərik ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Müəllim cəmiyyətdə maarifləndirmə missiyasını həyata keçirir.
Müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu, həmişə öz idarəçilik və dövlətçilik fəaliyyətində müəllim adına, müəllim əməyinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevin müəllimlə bağlı müdrik və gözəl bir fikri vardır: «Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir». Ulu Öndərimiz Heydər Əliyev həm də müəllim adını, müəllim əməyini yüksək qiymətləndirərək demişdir: «Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm».