Məktəblərarası əməkdaşlıq inkişaf dinamikasında

Dekabrın 5-də Bakı şəhəri 78 nömrəli tam orta məktəbdə Sabunçu rayonu 22, 71, 74, 75, 80, 81, 90, 94, 96, 107, 108, 112, 113, 128, 130, 142 nömrəli tam orta məktəb rəhbərlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
Ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, məktəbin fəaliyyət planına uyğun olaraq buraxılış sinif şagirdlərinin nəticələrinin yaxşılaşdırılması istiqamətində işi səmərəli qurmaq və bu prosesdə məktəbin pedaqoji kollektivinin imkanlarını səfərbər etmək məqsədilə təşkil edilən görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, layihələrin icrası, davamiyyətin tənzimlənməsi və digər müvafiq məsələlər müzakirə olunub.
Görüşdə çıxış edən təşkilatçı məktəbin direktoru Murad Zeynalov belə görüşlərin ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu bildirib.
Həmçinin, görüşdə iştirak edən məktəb rəhbərləri ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılması üsul və formaları, müəllim-valideyn münasibətləri, tərbiyə işinin təşkili və digər müvafiq mövzularda çıxış ediblər.
Qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb. Belə görüşlərin mütəmadi keçirilməsi üçün qərar qəbul edilib.