“Türk dünyası böyük bir ailədir”. (İlham Əliyev.) Müəllif: 73 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Samirə Sabir qızı

“Türk dünyası böyük bir ailədir”.
(İlham Əliyev.)
Müəllif: 73 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Sadıqova Samirə Sabir qızı

Sülhsevər dövlətlər arasında beynəlxalq prinsiplərə və normalara əsaslanan sosial, siyasi, iqtisadi, mədəni, hərbi əməkdaşlığın inkişaf etdirilməsi geosiyasi qarşıdurmaların tüğyan etdiyi, iqtisadi sanksiyaların genişləndirildiyi – bir sözlə, böhranların qaçılmaz olduğu müasir dünyamızda sabitliyin bərqərar olunması üçün atılan ən zəruri addım hesab oluna bilər.
Azərbaycan müstəqil bir dövlət olaraq, daxildə olduğu kimi, xarici siyasətində də sabitliyi qorumağı bacarır, birmənalı şəkildə tolerantlıq, humanizm, ədalət prinsiplərinin müdafiəçisi kimi çıxış edir, dünya dövlətləri ilə əlaqələrin sülh və əməkdaşlıq əsasında qurulmasına  önəm verir. Xüsusən Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələlərdən biridir. Ölkə başçısı İlham Əliyevin Türkiyə Respublikası, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər türk dövlətləri ilə sıx əlaqələr qurması, çıxışlarında türk dünyasının birliyinə xüsusi önəm verdiyini vurğulaması bunun bariz nümunəsidir. Son yeddi ayda təkcə Özbəkistana üç dəfə səfər etmiş prezident istər Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə, istərsə də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı beynəlxalq əlaqələrin yeni prinsipial formatından məmnunluğunu ifadə etmişdir. 
Qardaş ölkələrin rəhbərlərinin  iştirakı ilə keçirilən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk xalqlarının həmrəyliyini bir daha dünyaya bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdəki çıxışında  ölkəsinin hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verdiyini, bundan sonra da ənənəsinə sadiq qalacağını vurğulamışdır. “Türk dünyası böyük bir ailədir”, -- deyən prezident 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən türk dünyasının böyük potensiala malik olduğunu  və mütəmadi olaraq türk dövlətləri arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın fəallaşdırmasının vacib olduğunu diqqətə çatdırmışdır. 
Beynəlxalq səviyyəli bütün görüşlərdə ölkəsinin mövqeyini böyük məharətlə müdafiə etməyi bacaran,  ərazi bütövlüyümüzün və müstəqilliyimizin  toxunulmazlığının özü üçün prioritet olduğunu  həm sözdə, həm əməldə sübut edən ölkə başçısı xalqımızın Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etməsini tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunması kimi dəyərləndirmiş, işğalın ağır fəsadlarından, viran edilmiş şəhərlərimizdən, məhv edilmiş abidələrimizdən və müharibənin bitməsindən sonra da Ermənistanın bəd əməllərindən əl çəkmədiyindən söz açmışdır. Dövlət başçısı bütün bunlara ramən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri apardığını, “Böyük Qayıdış”  proqramını uğurla həyata keçirdiyini qeyd etmişdir. Bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi infrostruktur layihələrdə iştirakını, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikintisinin həyata keçiriləcəyini, Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşa ediləcəyini xatırlatmaqla İlham Əliyev qardaş dövlətlərin dəstəyini diqqət mərkəzinə çatdırmışdır.
Qarabağ  münaqişəsinin tarixdə qaldığını bir daha dilə gətirən Prezident Zəngəzur dəhlizinin açılmasının regiondakı bütün ölkələr üçün böyük əhəmiyyətindən bəhs etmişdir. 
Cənab Prezident hər zaman olduğu kimi, sammitdəki çıxışında da dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın hüquq və təhlükəsizliyinin , milli kimliyinin qorunmasının, onların assimilyasiyaya uğramasının qarşısının alınmasının vacibliyini vurğulamışdır. Xüsusən Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon soydaşımızın hüquqlarının məhdudlaşdırılmasını, ana dilində təhsil almaq imkanlarının olmamasını dilə gətirərək haqlı narazılığını ifadə etmişdir. O, Azərbaycan dövlətinin bu problemlərin həllinə xüsusi diqqət yetirdiyini, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın dilimizi, mədəniyyətimizi qoruyub saxlamaları, Azərbaycançılıq ideyalarına sadiq qalmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səy göstərdiyini söyləmişdir. 
Prezident İlham Əliyev sammitdəki yüksək səviyyəli çıxışı ilə Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etmiş, türk dünyasının birliyinin dünyadakı bütün türklər üçün misilsiz əhəmiyyətindən bəhs edərək  türk dövlətlərini bundan sonra da qarşılıqlı əməkdaşlıqlarını uğurla davam etdirməyə səsləmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi