Onbirinciləri məktəb illərindən ayıran Son Zəng
İyunun 14-də 54 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Elmira Mehdiyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşfiq Kərimli, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Şakir Cəfərova, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edirdi.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Məktəbin direktoru Sahibə Abbasova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin olimpiada və müsabiqələrdə əldə etdikləri uğurlardan danışdı.
Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Elmira Mehdiyeva “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.
Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşfiq Kərimli müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən digər qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Həmçinin, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə Fəxri fərmanlar verildi.
Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, “Son zəng” çalındı.