Azərbaycanın Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günü
Bu gün öz canını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı, Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Məktəbdə bu günlə əlaqədar tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Eynalova Təranənin təşkilatçılığı ilə təşkil olunan tədbirdə şagirdlər Mübarizə həsr olunmuş şeir və mahnılar ifa edib, Süleyman Rüstəmin “ Ana və paçtalyon” əsərini səhnələşdiriblər.