Təhsil müəssisələrində Zəfər Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbirlər keçirilib.

Təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə söhbət açılıb. Bildirilib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində, həmçinin Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Bundan əlavə, təhsil müəssisələrində Zəfər muzeyləri, lektoriyalar açılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.

Eləcə də təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar, həmçinin şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi