16 yaşlı “Gənc Rəssam”

12 noyabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi “Gənc Rəssam” Zəhra Məmmədovanın Rusiya İnformasiya və Mədəniyyət mərkəzində “Palitranın möcüzəsi” adlı fərdi sərgisi keçirildi.
Məmmədova Zəhra Tofiq qızı 5 yanvar 2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan o yaradıcı bir qız idi.
7 yaşında Zəhra T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayında Azərbaycan Rəssamlar ittifaqının üzvü Humay Axundovanın rəsm və rəngkarlıq studiyasında məşğul olmağa başlamışdır. Ötən illər ərzində 16 yaşlı gənc rəssamın öz yaradıcılıq yolu formalaşmışdır.
Zəhra rəssamlığa vaxtını xoş və maraqlı keçirmək kimi deyil,bütün ömrünü həsr edəcəyi incəsənət sahəsinin qolu kimi baxır. Zəhra bir neçə texnikada işləyir. Zəhra bir çox Respublika və Beynəlxalq müsabiqələrin diplomantı və laureatıdır. O, Milli Bayraq gününə, 20 yanvar hadisələrinə və Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş Respublika müsabiqələrində I yerə layiq görülmüşdür.
Zəhra “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” sərgisində diploma layiq görülmüş,Yunanıstanda keçirilən “Musiqi” adlı sərgidə II yerə, Hollandiya Krallığının kralının doğum gününə həsr olunmuş sərgidə isə I yeri tutmuşdur. O, 22-24 sentyabr 2017-ci il tarixində keçirilən “Qız Qalası” Beynəlxalq festivalında, 2018-ci ilin may ayında Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş yaradıcılıq festivalında iştirak etmişdir. Zəhranı birinci fərdi sərgisi münasibəti ilə təbrik edir və ona gələcək yaradıcılığında uğurlar arzulayırıq.