Yanğın zamanı məktəbdə davranış qaydaları

Mayın 22-də 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbdə Yanğın zamanı fəaliyyət üzrə məşq keçirilmişdir. Məşqin keçirilməsində əsas məqsədlər müəllim və şagird heyətinin yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha da artırılmasından ibarət olmuşdur.
2 mərhələdə keçirilən məşqin birinci mərhələsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən məktəbin pedaqoji kollektivi və şagird heyətinə yanğın zamanı davranış qaydaları barədə geniş məlumat verilmiş və qeyd olunan sahədə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir zamanı yanğın təhlükəsizliyi sahəsində müvafiq tövsiyələr verilmişdir.
Eyni zamanda şagirdlər tərəfindən Nazirliyin “112” qaynar xətti” ilə əlaqə yaradılaraq şərti olaraq baş vermiş yanğın hadisəsi barədə məlumat mübadiləsi aparılmışdır.
Tədbirin ikinci mərhələsi şərti olaraq yanğın hadisəsinin baş verməsi barədə həyəcan siqnalı ilə müəllim və şagirdlərin təxliyyəsi ilə başlamışdır. Məşq zamanı məktəbin yanğın təhlükəsizliyinə cavabdeh şəxslərinin yanğınsöndürmə və xilasetmə bölmələri ilə qarşılıqlı fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilmiş, xüsusi texnika və avadanlıqlar tətbiq olunmaqla yanğın baş vermiş sahədən zərərçəkmişlərin xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirilmişdir.
Məşq zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.