Şəhid məzunumuz Sadıqlı İbrahimin anım günü

3 oktyabr 2022-ci il tarixdə məktəbdə şəhid Sadıqlı İbrahimin şəhadətə ucaldığı gün ilə bağlı tədbir keçirildi.Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildi. İbrahim Sadıqlının xatirəsi üçün təşkil edilmiş tədbirdə şagirdlər şəhidin şərəfli döyüş yolundan danışdılar və şəhidə həsr olunmuş videoçarx nümayiş etdirdilər. Daha sonra bir zamanlar şəhidə dərs demiş müəllimlər İbrahimlə bağlı xatirələrini bölüşərək onun yüksək əxlaqi keyfiyyətlərə malik olduğunu bildirdilər.
Məktəbin bir qrup şagird və müəllimi II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət etdilər.
Sadıqlı İbrahim Murovdağ, Kəlbəcər, Ağdərə, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin 60-a yaxın zabit əsgərini məhv edib. Oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını atəş altından çıxaran zaman şəhidlik zirvəsinə yüksəlib. İbrahim ailəsinə deyib: "Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın."
İbrahim Sadıqlı ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medal və ordeni ilə təltif edilib.