FƏXRİMİZ

Məmmədov Məzahir Teymur oğlu 1970-ci il 16 iyulda Kəlbəcər rayonunda anadan olmuşdur. O hələ balaca ikən 1972-ci ildə ailəlikcə Bakı şəhərinə köçmüşlər. Məzahir 1977-ci ildə 7 yaşında Bakı şəhər Nərimanov rayonu 37 №li 8 illik məktəbində I sinifə getmişdir. O VIII sinfi burada bitirmişdir. Sonra sənədlərini 56 №li orta texniki peşə məktəbinə  vermişdir. Orada 3 il orta təhsil almaqla bərabər rabitə sirlərinə də yiyələnmişdir. 1988-ci ildə texniki peşə məktəbini bitirdikdən sonra Məzahiri təyinatla “Ulduz” zavoduna göndərmişlər. O, bu zavodda bir müddət çalışdıqdan sonra 1988-ci ilin payızında onu hərbi xidmətə çağırmış, noyabrın 27-də Krasnoyarsk vilayətinə göndərmişlər. Məzahir 2 il hərbi xidməti zamanı rabitəçi olmuşdu. 1990-cı ildə əsgəri xidmətini başa vurub evə qayıtmışdır.    

1991-ci ildə Azərbaycan dəmir yol poçt daşıma şöbəsində işə başlamışdır. Qarabağ hadisələri elan olunmamış müharibəyə çevrildiyi dövrdə Məzahir işğalçılara qarşı savaşmaq istəyi ilə Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılmış və onun tərkibində döyüşlərə qatılmışdır. 1991-ci ilin oktyabrında Azərbaycan Milli Odrusunun ilk silahlı dəstələri təşkil olunmağa başladığı zaman Məzahir könüllü olaraq bu dəstələrə yazılan ilk döyüşçülərdən olmuşdur. Şıx batalyonu kimi tanınan hərbi hissədə rabitə sahəsində xidmət etmişdir. Bacarıqlı rabitəçi olduğuna görə, onun döyüş əməliyyatlarında iştirakını istəmirdilər, bu isə Məzahirin narazılığına səbəb olurdu. Bir gün nəhayət ki Məzahir Ağdamda rabitə əlaqələrinin sıradan çıxdığını və ona ehtiyac olduğunu bildirərək ailəsi ilə sağollaşıb Ağdama yola düşdü.

 

Məzahir Məmmədov Şıx batalyonu tərkibində Xocavəndin (keçmiş Martuni) Qaradağlı kəndini erməni işğalçılarının hücumlarından qorumaq uğrunda vuruşmuşdur. Bu döyüşlərdə o qəhrəmanlığı, yaralı döyüşçü yoldaşlarını atəş xəttindən çıxararaq qoruması ilə fərqlənir.  Çətin şərtlər altında 20 gündən artıq Qaradağlı kəndini hücumlardan qorumuş Şıx batalyonunun döyüşçüləri 1992-ci il yanvar ayının 8-də axşam saatlarında növbəti ağır döyüşə girmiş, erməni qüvvələrinin həmlələrinin qarşısını almağa çalışmışdır. Həmin döyüşdə Məzahir Məmmədov ağır yaralanmışdır. Onu hospitala aparmaq üçün Ağdamdan gələn vertolyotun ermənilər tərəfindən intensiv atəşə tutulması yaralını xəstəxanaya çatdırmağa imkan vermədiyinə görə, Məzahir Məmmədov şəhid olmuşdur. Şəhidin cənazəsi mərhum jurnalist Çingiz Mustafayevin vasitəsilə yanvarın 9-da Bakıya gətirilmiş və Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 

Məzahir Məmmədovun vaxtilə təhsil aldığı Nərimanov rayonu 37 nömrəli tam orta məktəb indi onun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi