Dahiyana ideya

Dahiyana ideya

​Çar Rusiyası ilə Qacar dövləti arasında 1813-cü və 1828-ci ilərdə bağlanmış “Türkmənçay” və “Gülüstan” müqavilələri nəticəsində azərbaycan türkləri iki yerə parçalandı və xalqımızın ayrılıq həsrəti illərlə bitmədi. Bu həsrəti aradan qaldırmaq üçün xalq ötən əsrin sonlarında milli azadlıq hərəkatı yaratdı, uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının qovuşması məqsədilə gərəkli addımlar atmağa başladı. 1989-cu ilin sonlarında Azərbaycanın ən qədim bölgələrindən biri olan Naxşıvanda, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərinin yıxıldı, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarlarıının səsləndirildi. Bütün bunlar əslində azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bəyan etmək və xarici ölkələrin diqqətini bu məsələyə yönəltmək cəhdi idi. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün döğma və əzizdir.

Ayrı düşmüş iki qardaşın birləşmək arzusunu siyasi müstəviyə daşınması ideyası Ümummilli lider Heydər Əliyevə məxsusdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi. Həmin ilin Dekabr ayının 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi elan olunması barədə qanun qəbul etdi.

Bu bayramın siyasi əhəmiyyətinə qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.”

Ümummlli liderin bu dahiyanə ideyasını həyat keçirən Azərbaycan iqtidarı həmin bayramı hər il qeyd edir. Dünya azərbaycanlılarının həmrəylik bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq deməkdir. Dünyada yaşayan milyonlarla soydaşımızın yeganə bir dövlət var ki, bu da müstəqil, suveren Azərbaycan Respublikasıdır. Soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər.

Bunları nəzərə alan Ulu Öndər dünyada yaşayan soydaşlarımızın milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılması prosesinə start verdi. Belə ki, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edildi.

Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Hazırda Azərbaycan hakimiyyəti mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində zamanla səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına şərait yaradır.

Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda qurultay keçirildi. Həmin qurultay xaricdə yaşayan soydaşlarımızın diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi. “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin leytmotivinə çevrildi və sevindirici haldır ki, bu gün də həmin siyasət davam edir.

Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Həmçinin soydaşlarımızın xidmətlərini qiymətləndirmək məqsədi ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis olundu.

44 günlük Vətən müharibəsi zamanı dünyada yaşayan bütün azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər və Preziden İlham Əliyevin ətrafında daha sıx birləşdilər. Onların fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.”

Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.

Müəllif:Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi