Gələcəyə hesablanmış Sərəncamlar

Gələcəyə hesablanmış Sərəncamlar
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırdıqdan sonra bir neçə taixi əhəmiyyətli sərəncamlar imzaladı. Əvvəlcə 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq etdi. Həmin sərəncamın davamı kimi 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olundu. “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq etdi. Bu proqram işğaldan azad olunmuş torpaqlara qayıdışın “yol xəritəsi” kimi dəyərləndirilməlidir.
Bu proqram Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə etməklə, düşmən işğalından azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, prioritet istiqamətlər, əhalinin geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək bütün tədbirləri özündə ehtiva edir.
Dövlət Proqramı dünyada gedən iqtisadi, siyasi və digər məsələlər nəzərə alınaraq hazırlanmış və müasir standartlara tam cavab verir. Proqramda qarşıya qoyulan əsas prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədləridir.
Proqramın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dayanıqlı məskunlaşmanın təmin edilməsi və dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması kimi hədəflərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın icra edilməsi üçün bütün lazım olan mexanizmlər hazırlanmışdır.
Işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, logistik əhəmiyyətli yolların çıkilməsi, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması, enerji infrastrukturunun qurulması, layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması xüsusi əhəmiyyətə malikdir.
Dövlət proqramında 2026-cı ilə qədərbir sıra işlərin görülməsi nəzərdə tutulmuşdur:
1. İnfrastruktur sahəsində ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələinin salnması, hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi; nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması.
2. Iqtisadi sahədə sərmayələrin cəlb edilməsi ilə sahibkarlıq mühitinin yaradılması, aqrar sahənin inkişafının təmin edilməsi, turizm sahəsinin inkişaf etdirilməsi.
3. Sosial sahədə əhalinin lazımi həyat səviyyəsi ilə təmin olunması, sosial müdafiənin gücləndirilməsi, məşğulluq imkanlarının artıtılması və s.
4. Ekologiya sahəsində ərazidəki təbii resurslardan səmərəli istifadə, yaşıl enerji zonasının təşkili və s.
5. Idarəetmə sahəsində mütərəqqi idarəetmə formalarının tətbiqi, struktur islahatlarının aparılması, dayanıqlı inkişaf və xidmət sisteminin təşkil edilməsi və s.
Proqramın uğurlu icrasını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili çox vacib məsələdir.
Eyni zamanda, aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir ki, bu da dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyalarının nəzərə alınması deməkdir.
Həmçinin işğalda azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramları həyata keçiriləcəkdir.
Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində çoxlu dağıdılmış və talan olunmuş tarixi abidələr var ki, onların bərpası və qorunması işini təşkil etmək, abidələri inventarlaşdırımaq və pasportlaşdırımaq, mühafizə zonalarını müəyyən etmək qarşıda duran əsas vəzifələrdir. Ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətləri (“ASAN” xidmət və DOST mərkəzləri və s.) təşkil ediləcəkdir.
Işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılacaqdır ki, bu da məcburi köçkünlərin qayıdışının səmərəli təşkilinə imkan verəcəkdir.
Dövlət proqramına görə, işğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonunda hasilat və turizm sənayesi, Ağdam rayonunda emal sənayesi, Şuşa rayonunda mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonunda ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonlarında isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi dəyərləndiriləcək və inkişaf etdiriləcəkdir.
Işğal müddətində ərazinin meşə fondu, flora və faunası erməni vəhşiliyi nəticəsində ciddə zərərə məruz qalmışdır ki, onların bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmin edilməsi kimi məsələlər əsas diqqət mərkəzində olacaqdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir.
Bu ərazilərin bərpası zamanı yarana biləcək risklər və çətinliklər mövcuddur. Bunlar ərazilərin minalardan təmizləmə müddətinin uzadılması, adaptasiya və inteqrasiya prosesləri çərçivəsində idarəetmədə yarana biləcək çətinliklər, maliyyə riskləri və sairdir. Bunların müfəvəqiyyələ həll edilməsi üçün lazımi tədbirlər görüləcəkdir.
Proqramın həyat keçirilməsi üçün nəzərdə tutulan hədəflərə çatmaqdan ötrü monitorinq sistemi tətbiq ediləcəkdir. Monitorinqin aparılması nəticəsində tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən ediləcəkdir. İlkin nəticələr hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcəkdir.
Müəllif:Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent