Qarşılıqlı dəstək siyasəti

Qarşılıqlı dəstək siyasəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 noyabr tarixində Albaniyada rəsmi səfərdə olmuş və mətbuata açıqlama vermişdir. Məlumdur ki, Azərbaycan ilə Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri dəfələrlə Azərbaycanda olmuşlar, o cümlədən bu il Albaniyanın sabiq Prezident Meta da Azərbaycanda səfərdə idi. Həmçinin 2022-ci ilin aprel ayında Baş nazir Edi Rama da ölkəmizdə rəsmi səfərdə olmuşdur.
Azərbaycan beynəlxalq təşkilatlarda Albaniya ilə uğurlu əməkdaşlıq edir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsi dövründə də öz dəstəklərini göstəriblər. 44 günlük müharibə nəticəsində Azərbaycan torpaqlarını erməni işğalçılardan azad etdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini 27 ildən sonra özü icra etdi. Çox təəssüf ki, dünya dövlətlərinin əksəriyyəti və beynəlxalq təşkilatlar ikili standart siyasətini yürüdərək Azərbaycanın haqq işini görməzdən gəldilər. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ölkəmizin pozulmuş hüquqlarını bərpa etdi və indi həmin torpaqlarda həyat yenidən canlanır.
Nəzərdə tutulmuşdur ki, Azərbaycanla Albaniya arasında iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclası keçiririlsin. Işçi qrupunun müzakirə edəcəyi məsələlər kifayət qədərdir və bunlardan biri də qaz sahəsidir. Bunlardan əlavə qarşılıqlı sərmayə qoyuluşu, Albaniya ilə Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar və digər sahələr də vardır.
Prezident İlham Əliyev demişdir: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.
Məlum olduğu kimi ölkəmizin qaz ehtiyatları çox zəngindir. Hazırda Azərbaycan Avropa İttifaqı ilə həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsini müzakirə edir. Ölkəmiz Albaniyada qaz təsərrüfatının inkişafına yardım etmək üçün bu günə qədər ölkədə qaz şəbəkəsinin yaradılması üçün investor kimi iştirak etmək istəyir.
Bizim ölkəmizin NATO ilə sıx əməkdaşlıq edir və uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Azərbaycan qardaş Türkiyə ilə birlikdə Əfqanıstandan çıxan son iki ölkə idi. NATO-nun üzvü kimi Albaniya NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir və bu dəstək bü gün də vardır.
Müəllif:Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent