Azərbaycan Respublikasının Konstitusiya günü

Müstəqil Azərbaycan 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyasını referendum yolu ilə qəbul etmişdir. Ona görə ilk sayılır ki, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Sonralar bütün Konstitusiyalar sovet dövründə qəbul olunmuşdur.
Sovet dövründə ilk konstitusiya 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş və SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında həmin Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Ikinci dəfə 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilmiş, 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar olaraq 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir.
Ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik edərkən xalq qarşısında göstərdiyi tarixi xidmətlərindən biri də, 1977-ci ildə qəbul olunmuş SSRİ-nin yeni Konstitusiyasından sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlannmış və 1978-ci il aprelin 21-də həmin layihə qəbul olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1980-ci illərin ikinci yarısından etibarən həmin Konstitusiyaya çoxsaylı əlavə və dəyişikliklər edilmişdir və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu kimi müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası sayılan bir sənəddir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi məsələlər öz əksini tapmışdır.
Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Dünyada gedən proseslərə uyğun olaraq yaranmış yeni reallıqlar səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilmiş və əlavələr olunmuşdur. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilmiş, Qanunun 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əsas Qanunun mahiyyətini dəyərləndirərək demişdir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Müəllif:Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi