dil-ədəbiyyat müəllimi Kərimova Rəhilə müəllimənin doğum günü

Məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Kərimova Rəhilə Cuma qızı Yevlax şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur. O, orta təhsilini Yevlax şəhəri 4 nömrəli orta məktəbdə almışdır. Hələ məktəbdə oxuyarkən riyaziyyata olan sonsuz marağını görən müəllimləri ona riyaziyyatçı olmağı məsləhət görürdülər. Lakin xoş bir təsadüf - dahi yazıçı İsmayıl Şıxlı ilə görüş Rəhilə Kərimovanın həyatında həlledici rol oynayır. ADPU- nun riyaziyyat fakültəsində təhsil almaq üçün gəlməsinə baxmayaraq, Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olur. 4 illik ali məktəb illərini başa vurduqdan sonra təyinat üzrə Yevlax şəhəri Kirov kənd məktəbində müəllimlik fəaliyyətinə başlayır. 1983-cü ildə ( ailə qurması ilə əlaqədar ) isə Bakıya gəlir və Nərimanov rayonundakı 37 nömrəli məktəbdə əmək fəaliyyətini davam etdirir. Fəaliyyəti boyunca həm kollektivin sayılıb-seçilən üzvü, həm də şagirdlərinin sevimli müəllimi kimi özünü təsdiq edir.
Rəhilə müəllimənin şagirdləri içərisində həkimlər, diplomatlar, iqtisadçılar, incəsənət xadimləri, müəllimlər, ən önəmlisi isə vətənpərvər vətən övladları var. Bu gün məktəbimizin adını daşıdığı I Qarabağ müharibəsi şəhidi Məzahir Məmmədov da Rəhilə müəllimənin yetirmələrindəndir.
Rəhilə Kərimova , sözün həqiqi mənasında, əsl pedaqoq, savadlı ziyalıdır.
Məktəbimizin dil-ədəbiyyat müəllimi Kərimova Rəhilə müəllimənin doğum günüdür. Məktəb kollektivi adından Rəhilə müəlliməni təbrik edirik!