1892-ci il mayın 5-i Əhməd Cavadın doğum günü

Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə.Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir.

Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi.

Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir. "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir.Ə.Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.

1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Lakin hökmü yerinə yetirməyə ehtiyac qalmır, çünki şair işgəncələrə dözməyib həlak olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi