Qanlı Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. 1990 cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.Hər il olduğu kimi bu tədris ilində də məktəbimizin tarix müəllimi Rəna Əhmədova nın rəhbərliyi və 9a sinif şagirdləri ilə birlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir dövlət himnin səslənməsi ilə başladı. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsi ilə bağlı video çarx izlənildi. Şagirdlərin təqdimatında şeirlər səsləndirildi.