15 sentyabr "Bilik günü" bayramı ilə 2016/2017-ci dərs ili açıq elan olundu

Bakı şəhəri Ə.Zeynallı adına 302№li tam orta məktəb sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, "Bilik günü"nü bayram əhval-ruhiyyəsi ilə qeyd etdi. Bayram əsasən birinicilər üçün yadda qalan oldu. Onların məktəbə daha da həvəslə gəlməsi üçün məktəb maraqlı, yadda qalan ssenari tərtib etmişdi. Qəsəbə rəhbərliyinin yaxından iştirakı ilə, müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz idi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rzayeva Səkinə keçən dərs ilinin uğurları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, məktəbdə müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır. Məktəbin nəticələri barədə məlumat verdikdən sonra kollektiv adından qonaqları əmin etdi ki, əvvəlki ənənələri qoruyaraq, yeniliklər üzərində çalışaraq məktəbimiz bundan sonra da bütün qüvvəsi ilə cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir. Sonra Ələt qəsəbə İcra nümayəndəsi Eldar Məmmədov, Ələt Bələdiyyə sədri Musayev Azad çıxışlarında bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təbrik etdilər, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar. Həmçinin bildirdilər ki, ölkə prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət qəsəbəmiz üçün də öz müsbət nəticələrini verir. Sonra isə digər məktəbin müəllim heyəti çıxış edərək müəllim və şagirdlərə uğurlar arzuladılar. Qəsəbə ağsaqqalı, valideynlər də çıxış edərək yeni dərs ili və 15 sentyabr bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara ən xoş arzularını bildirdilər. Tədbir musiqili və şeir kompozisiyaları ilə davam etdi. Sonda yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı və şagirdlər siniflərinə yollandılar.