Rənglərin dünyası uşaqların gözü ilə
Hər zaman söz dünyası ilə bərabər rənglərin dünyası da marağa səbəb olub. Fırçanın dili ilə danışmaq, əllərinin istisi ilə ürəyindən keçənləri, təfəkkürünün süzgəcindən keçirdiklərini, daha doğrusu duyğu və düşüncələrini özünəməxsus tərzdə fırçaların dilinə buraxmaq özü bir aləmdi. Və elə onları duymaq özü də bir dünyadı, bir sehirli-sirli aləmdi. Məktəbimizdə şagirdlərin qabiliyyətlərinin daha da üzə çıxarlması, onların rəsmə olan maraqlarını daha da artırmaq üçün məktəbin direktoru Əzizova Aygünün rəhbərliyi və məktəbin təsviri incəsənət müəllimi Bayramova Arzu, rəssam İsrafilov İslamın təşkilatçılığı ilə akt zalında rənglər şagirdlərin gözü ilə adlı maraqlı layihə təşkil olundu. Rənglər uşaqların gözündən, qəlbindən süzülərək harmoniya yaratdı. Şagirdlərimiz sərhəd tanımayan fantaziyasının gücü ilə müxtəlif mövzulu rəsm əsərləri çəkərək öz qabiliyyətlərini nümayiş etdirdilər. Əsərlərin hər biri şagirdlərin gördüyü, təsəvvür etdiyi maraqlı və rəngəbərəng dünya idi. Məktəbin diektoru Aygün xanım Əzizova bildirdi ki, “Hər bir şagirdin öz dünyagörüşü var, hər kəs öz dünyasını çəkib. Gözəl sənət əsərləri bizə həyatı daha gözəl göstərir”. Sonda şagirdlər belə gözəl layihə üçün məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.