Gəlin uşaqları qoruyaq

251 saylı məktəbdə keçirilən silsilə tədbirlər sırasından – mayın 29 da edilmiş “Gəlin uşaqları qoruyaq” başlığı altında məktəbin ingilis dili müəllimi Həsənova Sevincin rəhbərliyi ilə ingilis dilində şənlik keçirildi. Şənliyə 6r1 sinif şagirdləri sahiblik edirdi. Dərs ilinin sonu olmasına baxmayaraq şagirdlər böyük ruh yüksəkliyi ilə özlərində güc taparaq, məsuliyyətlə bu tədbiri keçirməyə müvəffəq oldular. Çöldəki külək insanlara meydan oxuyarkən akt zalında böyük qələbəlik duyulurdu. Heç nəyə baxmayan, öz aləmlərində olan yeniyetmələr tədbirdə məharətlərini nümayiş etdirməyə hazır idilər. Məktəb direktoru Əzizova Aygün xanımın zala daxil olması ilə sakitlik bərpa olundu. Himn səslənərkən uşaqlar onu avazla ifa etdilər. 4r1 sinif şagirdi Natəvan ilk çıxışı ilə tədbiri açıq elan etdi. Al - əlvan 19 – cu əsrin qədim paltarlarını geyinmiş şagirdlər : Arzu, Orxan, Murad, Əli, Nəzrin, Elnur və Əlihüseyn səhnəyə çıxarkən gürultulu alqışlarla qarşılandılar. Onlar qədim Azərbaycan nağılı olan “Cırtdan”ı sərbəstliklə ifa etdilər. Onların sərbəst danışığı, artistizmi hamını heyran qoymuşdu. 4a2 sinfinin qızları ağ tüllər donunda “Qanadı qırılmış mələklər” rəqsini ustalıqla həyata keçirdilər. Onların musiqi duyumu, səlis və dəqiq hərəkətləri çox cazıbədar idi və mahnı sanki, insanları mavi səmalara aparırdı, ruhuna işləyirdi. İnci, Gövhər, Maşa, Çinarə, Nəzrin və Nina çiçəklərə aid ürəkaçan şeirləri zövgə söylədilər. Onların cingiltili səsi zalda əks – səda verib qulaqlarda cingildəyirdi. Bütün dünyada məşhur olan küçə rəqsləri hamıda maraq doğurub. Həmin küçə rəqsi adlanan “fleşmob” 9 – cu sinif şagirdləri Rəhimə və Hökümə bacılarının payına düşdü. Onların qeyri – adi ritmik və cəld hərəkətləri zalda sanki hamını dondurmuşdu. 6r1 sinfinin yeniyetmələri cürbəcür dialoqlar söylədilər. Bu dialoqlar şagirdlərə ədəb - ərkan öyrədir, onlara gözəl məsləhət verir, övladını dilənçiliyə göndərən valideyni tənbeh və tərbiyyə edir. Gözəl məsləhətlər verən bu dialoqlar şagirdlər tərəfindən çox həvəslə ifa olundu. Bu çıxışlar da çox rəğbətlə qarşılandı. Xarici nağıl olan “Qırmızı papaq” 6r1 sinfinin şagirdləri tərəfindən ustalıqla ifa olundu. Müəllifin sözlərini ifa edən Əlihüseyn öz yüksək səsi ilə hamının diqqətini özünə cəlb etmişdi. Qırmızı papaq rolunu aparan Arzunun sərbəst və emosional nitqi hamıya xoş təsir bağışlamışdı. Qarnına şaq qoymuş canavar rolunu ifa edən Orxanın məzəli hərəkətləri və sonda ovçu rolunda olan Muradın hay – küylə atəş açması hamıda gülüş doğurdu. Tədbiri açıq elan edən Natəvan sonda hamıya tədbirdə iştirak etdiklərinə görə təşəkkür edərək onu bağlı elan etdi. Bütün şagirdlər “Qoy Allah dünyamızı qorusun” adlı mahnısı ilə şən notlarla, əllərində şüarlar tədbiri sona çatdırdılar. 8a2 sinfinin şagirdləri Cəmilə və Gülsurənin zil səsi sanki xorda oxuyanlara yol göstərirdi. Onlar elə bil peşəkar müğənni idilər. Nəhayət tamaşaçılar zalı tərk edərkən hələ də qulaqlarında musiqinin şən sədaları səslənirdi.