İtirdiklərimizi unudmayaq
18 may günü xalqımızın tarixinin faciələr, itkilər səhifəsinə yazılan növbəti qanlı tarixdir. Bu tarix Lacınsızlığımızın, itirdiyimiz dağların ildönümü, anım günüdür. Saf, təmiz insanları, gözəl təbiəti, xəstələrə dərman, diş göynədən buz bulaqları ilə gözəllik tamaşası olan, qayalarında qıy vuran qartalların səsinin əks sədası qalan cənnət məkanımızın işğal günüdür. Sözüqedən tarixlə bağlı məktəbimizdə toplantı keçirilmişdir. Toplantıda məktəbin direktoru A. Əzizova çıxış edərək cəlb edildiyimiz ədalətsiz müharibədən və onun acı nəticələrindən bəhs etdi. Tarix müəllimləri A. Qasımov, X. Əzizova, G. Rəhimova Qarabağ savaşından, bu savaşda əsgərlərimizin göstərdiyi rəşadətdən söhbət açdılar. Kitabxana müdiri S. Hüseynova işğal altında qalan müzeylərimizdən, kitabxanalardan söhbət acdı. Kitabxanaçı İ. Cəlilovanın çıxışı isə şagirdlərin gözləri önündə görmədikləri Laçının gözəlliklərini canlandırdı. Toplantıda o da ifadə olundu ki, “Haqq nazilər, üzülməz”. O gün gələcək ki, haqsız haqq önündə diz çökəcək, məglub olacaq. Bax o zaman Qarabağa, Laçına böyük qayıdış başlayacaq. O böyük karvanın sarvanı olmaq isə hər bir əsgərimizin ən ali niyyəti, amalı, vətəndaşlıq borcudur!