Müstəqilliyimizin 26 ili

18 oktyabr Azərbaycan Dövlət müstəqilliyi günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biri kimi qeyd edilir. Respublikamızın hər güşəsində olduğu kimi məktəbimizdə də 18 oktyabr 2017 - ci il tarixində möhtəşəm bayram tədbiri qeyd edildi. Tədbir Nizami rayon YAP nümayəndələrinin, müəllim, şagird və valideynlərin iştirakı ilə baş tutdu. Əvvəlcə Dövlət himni səsləndi, daha sonra söz şagirdlərə verildi. X a2 sinif şagirdi A.Sona çıxış edərək müstəqillik tariximizdən bəhs etdi. X r1 sinif şagirdi Dadaşova Kamilla, VIII a1 şagirdləri İ.Səbinə və M.Cəmilənin şeirləri müstəqillik tariximizin bədii ifadəsi kimi səsləndi. IV a 1 sinfinin şagirdi Quliyev Raminin söylədiyi "Bayraq" şeirinin sədaları altında səhnəyə gətirilən bayraq öz əzəmətilə tədbirə başqa rəng qatdı. IX r1 sinif şagirdi Gülməmmədov Kənanın sazda ifası xalqımızın minilliklərə dayanan musiqi yaddaşının təcəssümü kimi səsləndi. VII a3 sinif şagirdlərinin xor şəklində ifa etdikləri "Qalx ayağa millət" mahnısı xalqımızın milli birliyinin tərənnümünə çevrildi.Bir əsrdə 2 dəfə müstəqillik qazanmış dövlətçiliyimizin şanlı tarixini əks etdirən video material hər kəsin qəlbini sevinc və qurur hissi ilə doldurdu. Ulu öndər H.Əliyevin "Müstəqilliyi əldə etmək asan, saxlamaq isə çətindir" - sözləri sanki bu əvəzsiz əmanətə sahib olan varislər kimi, məsuliyyətimizin və milli yaddaşımızın xatırlatmasına çevrildi. Tarix müəllimi G.Vəliyeva həm milli müstəqillik günü, həm də YAP - ın yaranması günü münasibətilə iştirakçıları təbrik edərək, müstəqillik günü və YAP - ın yaranma tarixindən bəhs etdi.X a1 sinif şagirdi Səfərəliyeva Ayselin YAP - a həsr olunmuş rəsmi iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirildi. YAP - Nizami rayon təşkilatının nümayəndələri Günel xanım, Lamiyə xanım çıxış edərək məktəbin direktoru A.Əzizovaya və tədbir təşkilarçıları Vəliyeva Gülnarə, Mirzəyeva Gülarə, Əlirzayeva Məlahət xanıma və şagirdlərə öz minnətdarlıqlarını bildirərək YAP - in keçdiyi şərəfli yoldan danışdılar . YAP Nizami rayon təşkilatının sədri S.Vəliyeva adından iştirakçıları salamlayaraq məktəbin YAP üzvü olan fəallarından direktor A.Əzizova, təsərrüfat müdiri M.Abdullayev, Ş.Gözəlbəyli, E.Alandarova, G.Rəhimova, H. Hüseynova fəxri fərmanla mükafatlandırıldılar. Məktəbin direktoru A.Əzizova YAP - in xalqımızın keşməkeşli özünə qayıdış yolunda milləti arxasınca aparan yeganə qüvvə olduğunu vurğulayaraq, müasir gəncliyə yaradılan iş, təhsil, yaşayış imkanlarının genişliyindən söhbət açdı. Tədbir qonaqların və tədbir təşkilatçılarının xatirə şəkil çəkdirməsi ilə başa çatdı. Bəli bu gün milli müstəqillik günüdür. "Bir kərə yüksələ bayraq, bir daha enməz" - deyən M.Ə.Rəsulzadənin mübarizə tariximizi əzəmətli hayqırışıyla silkələyən o vəsiyyətinin həyata keçdiyi gündür."Azadlığı istəmirəm zərrə - zərrə, qram - qram, Mən ümmanlar təşnəsiyəm" - söyləyən X.R.Ulutürkün xalqının, ümmanlar qədər azadlığa, müstəqilliyə qovuşduğu gündür. "Yox millətimin imzası - imzalar içində" fəryadı ilə sızlayan şairin xalqına məxsus bayraq bu gün bayraqlar sırasında əzəmətlə dalğalanır. O bayraq bizim ay - ulduzlu üç rəngli bayrağımızdır.Inanırıq ki, o bayraq daim ucalarda qərar tutacaq, Qarabağda işğal altında qalan torpaqlarda qürurla dalğalanacaq . "Azərbaycanın müstəqilliyi əbədidir" - deyən ulu rəhbərimizin müdrik kəlamları isə xalqımızın daha gözəl sabahı yolunda əbədi yol göstərənimiz olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi