"Son Zəng"

Son zəng insan həyatının ən yadda qalan məqamlarından biridir.Tutduğu vəzifəsindən, yaşından, mənsubiyyətindən asılı olmayaraq hər kəs bu unudulmaz günün xatirəsini yaddaşına həkk edir. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq sonuncularımızı xüsusi təntənə ilə yola salmaq üçün “Son zəng” tədbirinə toplaşdıq.Bayramsayağı bəzədilmiş məktəb həyətində al - əlvan geyimli şagirdlər, müəllim və valideynlər, qonaqlar onbirincilərin sevincini, bəzən də kövrək kədərlərinə şərik olurdular. Respublikamızın himninin səslənməsi ilə başlanan mərasimdə məktəbin direktoru A.Əzizova onbirincilərə ürək sözlərini söyləyərək, onlara qarşıdakı buraxılış və qəbul imtahanlarında uğurlar arzuladı.BŞTİ – nin şöbə müdiri Sevinc xanım, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhram müəllim tədbirin qonaqları sırasında idilər. Qonaqların çıxışları on birincilərə hər kəsin arzu və istəklərinin ifadəsi kimi səsləndi.Tədbir təşkilatçıları məktəbin musiqi rəhbəri G.Mirzəyeva, psixoloq T.Nübar, Samirə xanımın şagirdlərlə birgə ərsəyə gətirdiyi musiqili, əyləncəli tədbir xoş ovqat, şən əhval – ruhiyyə yaradırdı.Onbirincilərin sinif rəhbərləri E.Yolçuyeva, R.Əhmədova, M.Dünyamalıyeva, Z.Qarayeva yetirmələrinə öz arzu və istəklərini bildirdilər.Müxtəlif rəqslər, mahnılar, onbirincilərin “Yallı” rəqsi mərasimin yaddaqalan anlarından idi. Aparıcı Aydan və Aslan, Aysu, Nübar, Rəhimə, Hökümə, Əli, Elza, Ayşə, Elnur və başqalarının çıxışları tədbiri maraqlı və rəngarəng etdi.Nəhayət gözlənilən an bəlkə də onbirincilərin ömrünü uzatmaq istədikləri an gəlib çatır. Son zəng çalındı. Hay – küylü sinif otaqları, qayğıkeş müəllimlər onbirinciləri müstəqil həyata uğurlayırdılar. Onları müstəqil həyatın keşməkeşləri və sınaqları gözləyir. Lakin ümidvarıq ki, məktəbdə aldıqları biliklər, müəllimlərin 11 il boyu öyrətdiyi elm və həyat dərsləri gələcək həyat yollarına işıq salan mayağa çevriləcək.Kövrək notlara köklənsəkdə inanırıq ki, məzunlarımız məktəbimizin adını daim uca tutacaq, öz uğurları ilə fəxr və qürurumuza çevriləcəklər.