“Breyn-ring” intellektual oyunu

Məktəbimizin kitabxanası müntəzəm keçirilən rəngarəng tədbirləri, sərgiləri, kitab müzakirələri, şeir müsabiqələri, müxtəlif layihələrin həyat keçirildiyi maraqlı məkana çevrilmişdir. Kitabxana müdiri S.Hüseynovanın, kitabxanaçı S.Cəlilovanın birgə fəaliyyəti, işgüzarlığı nəticəsində kitabxanada keçirilən hər tədbir fərqli və yaddaqalan olmağı ilə diqqəti cəlb edir. “21 Fevral Beynəlxalq Ana dili Günü ilə bağlı V-XI siniflər arasında (Az-rus bölmələr) təqdimat müsabiqəsi, “Yer günü ilə əlaqədar rəsm və kitab sərgiləri “Oxu Günü 3” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər kitabxananın ərsəyə gətirdiyi tədbirlərin sırasındadır. Şagirdlərimizin sevimli məkanına çevrilmiş kitabxanamız “23 may Ekologiya Günü” münasibətilə 7a-7b siniflərinin komandaları arasında “Breyn-ring” intelektual oyununa ev sahibliyi etdi. Kitabxananın ürəkaçan tərtibatı otağa daxil olan hər kəsdə xoş ovqat yaratdı. Müxtəlif ağac, meşə maketləri, divarları bəzəyən üzüm tənəkləri, təbii dibçək çiçəkləri görənlərə harada olduqlarını unutdururdu.“Breyn-ring” intelektual oyununun iştirakçıları 7B sinfinin komandası “Dəmirağac” 7a sinfinin komandası “Qızılağac” adları ilə oyuna qatıldılar.Oyunda münsif müəllimlərdən məktəbin direktoru A.Əzizova, biologiya müəllimi H.Həsənova, psixoloq N.Tağıyeva iştirak edirdilər. Ekologiya, təbiət haqqında slaydlarla tədbirə giriş edildi. Daha sonra intelektual oyuna start verildi. Hər bir komanda kapitanı özünü, komanda üzvlərini və slaydlarını təqdim etdi. Azərbaycanın təbiəti, “Qırmızı kitab”a salınmış nadir heyvan və bitki növləri, yeraltı və yerüstü sərvətlərimiz, tarixi bədii, dövlət qoruqlarımız, işğal altında qalan sərvətlərimiz haqqında verilən suallara hər komanda üzvi dolğun, mükəmməl cavablar verməyə çalışırdılar.Hər bir şagird öz düzgün cavablarıyla yurdumuzun zəngin təbiəti, əsrarəngiz gözəllikləri, dünya şöhrətli sərvətləri haqqında daha çox biliyə malik olduqlarını ifadə edirdilər. Formata uyğun olaraq, ekoloji tarazlığın pozulmasına gətirib çıxaran səbəblər və onların aradan qaldırılması yollarından bəhs edilmişdir.Direktor A.Əzizovanın şagirdlərə oyun arası fasilə zamanı verdiyi düşündürücü suallar oyuna xüsusi bir rəng qatdı. İntellektual oyun hər iki komandanın hazırcavablığı və xüsusi fəallığı ilə başa çatdı. Hər iki komanda direktor A.Əzizova tərəfindən nailiyyətlərlə mükafatlandırıldı. “Breyn-ring” intelektual oyunun sonunda məktəbin direktoru kitabxanaçılara və şagirdlərə təşəkkürünü bildirərək tədbirin davamı olaraq məktəb həyətində iməclik keçirməyi təklif etdi. Oyun boyu sağlam, rəqabət və dostluq şagirdləri müşayiət edən əsas amil oldu.