Zərifə xanım Əliyevanın xatirə gecəsi

Həyatda insanlar onlara yaradanın ərmağanı olaraq verilən ömür payını yaşayaraq, yalnız övladlarının və yaxınlarının xatirələrində qalırlar.Lakin elə insanlar var ki, təkcə bir evin, bir elin deyil, milyonların sevgi və rəğbətini qazanırlar. Belə insanlara şəxsiyyət deyilir.Tarixin, zamanın yetişdirdiyi şəxsiyyətlərin adı isə təkcə mənsub olduğu xalqın deyil, onu tanıyan hər kəsin yaddaşına həkk olunur. Belə nadir insanlardan biri də xalqımızın böyük, ziyalı qızı Akademik Zərifə xanım Əliyevadır.25 aprel 2017 – ci il tarixində məktəbin Akt zalında görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın xatirə gecəsi keçirilmişdir.Tədbir Nizami rayon İcra Hakimiyyətinin təşəbbüsü, 251 nömrəli məktəbin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, Nizami rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov, başçının müavini İsrafilova Gülnaz xanım, İcra Hakimiyyətinin digər nümayəndələri, məktəb direktorları qonaq qismində iştirak edirdilər. Məktəbin müəllim və şagirdləri də tədbiri izləyənlər arasında idilər. Məktəbin direktoru Aygün xanım Əzizova qonaqları və iştirakçıları salamlayaraq, Nizami rayon İcra başçısına belə bir məsuliyyətli tədbirin keçirilməsini bizim məktəbə həvalə etdiyinə görə öz təşəkkürünü bildirdi. Aygün xanım Zərifə Əliyeva haqqında, onun oftalmologiya elmi sahəsində nailiyyətlərindən, alim, qadın, ana, nənə kimi məziyyətlərindən söhbət açdı. Z.Əliyevanın yubileyi ilə əlaqədar məktəbdə “Açıq dərs”lər keçirildiyi, alimin məzarı ziyarət edildiyi, sərgilər təşkil olunduğu bildirilmişdir. Slaydlar vasitəsilə Zərifə xanımın həyatının fotolarda əbədiləşmiş anları əks olunmuşdu. Çıxış üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevaya verildi. Məhəbbət xanım görkəmli akademik, alim, qadın, ana kimi bu adları layiqincə daşıdığından və örnək bir həyat yolu keçdiyindən bəhs etdi. Daha sonra rəhbərlik etdiyi qısa müddət ərzində belə mötəbər bir tədbiri ərsəyə gətirən Aygün xanıma təşəkkürünü bildirdi. Belə tədbirlərin keçirilməsinin vacibliyi və əhəmiyyəti xüsusilə vurğulandı. Natiq şagirdlərin təkcə keçmiş qəhrəmanlardan deyil, zəmanəmizin uğurlu insanlarından da örnək götürməyə çağırdı. Bu baxımdan Respublikamızın vitse – prezidenti, Z.Əliyeva ideyalarının davamçısı Mehriban xanım Əliyevanın məhz gəncliyin nümunə götürəcəyi şəxsiyyətlərdən olduğunu bildirdi. İcra Hakimiyyətinin başçısı Arif Qasımov Zərifə Əliyeva haqqında danışaraq, onun fəaliyyətinin xalqımızın elm tarixinə parlaq səhifələr yazdığını qeyd etdi. Arif müəllim Aygün xanıma yüksək səviyyəli belə bir tədbirin təşkil olunmasındakı xidmətlərinə görə təşəkkürünü bildirdi. Daha sonra Yana Krimpe müasir Z.Əliyeva haqqında danışaraq qızları Azərbaycan qadınının timsalı olaraq Z.Əliyevadan nümunə götürməyə çağırdı. Eyni zamanda informasiya texnalogiyalarının öyrənilməsini vacibliyini bildirən natiq onsuz həyatımızı təsəvvür etməyin çətin olduğunu söylədi.Tədbirdə Z.Əliyevanın ailə üzvlərinin onun haqqında söylədiyi fikirlərin slaydlarla göstərilməsi diqqətə layiq idi. Ağ, yaşıl xalatlı ikinci sinif şagirdlərinin zala daxil olaraq, rəqs etməsi qonaqlarda xoş təəssürat yaratdı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyeva bu şagirdlərin sıralarından sabahın adlı – sanlı həkimləri çıxacağına əminliyini bildirdi. Tədbir böyük alimə sevgi, qürur və hörmətlə başa çatdı.