“Beynəlxalq Yer Kürəsi Günü” və “Ağac Günü”

22 aprel “Beynəlxalq Yer Kürəsi Günü” və “Ağac Günü” münasibətilə məktəbin kitabxanasında sözügedən mövzu ilə bağlı şagirdlərin rəsmlərindən ibarət sərgi keçirilmişdir. Kitabxana “Yer günü” münasibətilə rəsmlərdən ibarət stendlərlə, qlobus və bayraqlarla, dibçək gülləri ilə bəzədilmişdi.Otağa daxil olan hər kəs özünü dünyanın min cür rənglərilə süslənmiş bir aləmdə hiss edirdi. Şagirdlərin rəsmlərində planetimizin, təbiətin müxtəlif görüntüləri əks olunmuşdu. Şagirdlər Təbiətə həsr olunmuş məşhur musiqinin sədaları altında “22 aprel Beynəlxalq Yer kürəsi Günü”nün tarixi və Azərbaycanda bu günün qeyd edilməsindən bəhs etdilər.Çıxışlarının sonunda şagirdlərin əl - ələ verərək: - “Gəlin dünyamızı qoruyaq” nidaları tədbir iştirakçılarında xoş ovqat yaratdı. Daha sonra bu günlə bağlı slaydlar təqdim olundu. Tədbir iştirakçılarından direktor Ə.Aygün, müavin Ə.Elmira, psixoloq T.Nübar, UBR M.Ləman sərgi barədə xoş sözlər söylədilər. Direktor Ə.Aygün xanım sərgidəki rəsmləri bəyəndiyini söyləyərək, şagirdlərə planetin qorunmasının əhəmiyyətindən bəhs etdi. Eyni zamanda bu böyük işdə hər kəsin rolu olduğunu söylədi.Şagirdlərin rəsmləri ilə ayrı – ayrılıqda maraqlanan direktor belə sərgilərin əhəmiyyətindən və şagirdlərin yaradıcılıq imkanlarının üzə çıxarılmasında önəmli rol oynadığını vurğuladı.Ə.Aygün xanım şagirdləri məktəb həyətində ağac əkməyə, hazır ağac və güllərə qulluq edilməsində yaxından iştirak etməyə, təbiəti çirkləndirənlərə qarşı mübarizə aparmağa çağırdı. Direktor onu da qeyd etdi ki, əkilən hər ağac, becərilən hər çiçək sabah bizi əhatə edən gözəl təbiətin, oksigenlə dolu təmiz havanın timsalında bizə təbiətin ərməğanı olacaqdır. Sərgi bütün iştirakçıların yaddaşında təbiətə vurğunluq, onun qayğısına qalmaq, planetimizin bütün insanlığın ümumi evi olduğunu bir daha bəyan edən bir vasitə kimi qaldı.