5b sinfində tarix fənnindən "Açıq dərs" oldu

17.04.2017- ci il tarixində məktəbin 5b sinfində (Azərbaycan bölməsi) tarix müəllimi Q.Alıxan “Açıq dərs” keçmişdir. Dərsin mövzusu: “II Dünya müharibəsi və Azərbaycan” idi. Dərsdə şagirdlər aşağıda adları çəkilən qruplara bölünmüşdülər: qəhrəmanlar, partizanlar, cəsurlar, generallar.Dərs müəllimin şagirdlərə mövzu ilə bağlı verdiyi suallar və onlara verilən cavablarla başladı. “Arxa və ön cəbhə nə deməkdir” sualına şagirdlərin cavabları dolğun və əhatəli idi. “Bakı nefti” və onun “Dünya müharibəsi”nin tərkib hissəsi olan “Böyük Vətən müharibəsi”nin gedişatında oynadığı rol xüsusilə vurğuladı.Azərbaycanın ilk “Sovet İttifaqı Qəhrəmanı” və “2 dəfə Sovet İttifaqı Qəhrəmanı” adını almış generallarımız kimdir sualına şagirdlərin cavabları qənaətbəxş idi. Partizanlar haqqında, onların adları, ləqəbləri, düşmən arxasında göstərdikləri qəhrəmanlıqlar haqqında danışan şagirdlər tarix fənnini coğrafiya ilə əlaqələndirərək xəritədə döyüşlər gedən əraziləri göstərdilər. Daha sonra azərbaycanlılardan təşkil olunmuş dviziyalar, adları və onların keçdiyi şərəfli döyüş yolu işıqlandırıldı. Dərsin sonunda Alıxan müəllim mövzunu bu günümüzlə, cəlb olunduğumuz ədalətsiz “Qarabağ” müharibələri ilə əlaqələndirdi.Şagirdlərin hazırladığı fotostenddə “Böyük Vətən müharibəsi qəhrəmanları” ilə yanaşı Aprel döyüşlərində igidlik göstərən həmvətənlərimizin şəkilləri də yer almışdı.Stendəki qəhrəmanlar və onların rəşadət dolu mübarizə yolundan bəhs edən Alıxan müəllim bu gündə düşmənlə təmas xəttində əsgərlərimizin ayıq sayıqlığından bəhs etdi.Sonda qiymətləndirmə mərhələsində müəllim daha fəal qrupları qiymətləndirdi. Dərsin yekununda məktəbin direktoru Ə.Aygün xanım və dərsdə iştirak edən tarixçi müəllimlər təklif və iradlarını bildirdilər. Ümumilikdə qarşıya qoyulan məqsədə nail olunduğu qeyd edildi.