Miniatür Kitab Muzeyinə ekskursiya

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini həyata keçirmək məqsədi ilə Məktəbin 1”Ç” sinfi Fəxriyyə Babayevanın rəhbərliyə ilə Miniatür Kitab Muzeyinə ekskursiyada oldular. İçərişəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşən Miniatür Kitab Muzeyində 76 ölkədən təxminən 8 000 miniatür kitab saxlanılır. Burada kibrit qutusu, yaxud poçt markası böyüklüyündə nəfis şəkildə tərtib olunmuş müxtəlif janr və mövzulara aid kitablara tamaşa edə bilərsiniz. Bundan başqa, dünyanın ən kiçik kitabı da kolleksiyaya daxildir. Ölçüsü 2x2 mm olan bu kitabın yazılarını və şəkillərini yalnız lupanın köməkliyi ilə oxumaq mümkündür.Dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş muzey turistlərin sevimli yerlərindən biridir. Ölçüsü 10x10 mm-dən çox olmayan kitabların kolleksiyasını başqa harada görmək olar ki?! Onlar arasında nadir rast gəlinənlər də var: 1672-ci ildə çap olunmuş qədim “Qurani-Kərim”, Puşkinin “Yevgeni Onegin” poemasının müəllifin sağlığında dərc edilmiş nəşri, 1815-ci ildə Londonda çap olunmuş “İngiltərə tarixi”nin nüsxəsi və digər çox nadir nəşrlər. Bu heyrətamiz kolleksiyanın yığılmasına Krılovun təmsillərinin 1835-ci ilə aid faksimil nəşrinin əldə edilməsi ilə başlanmışdır.Muzeyin direktoru, böyük kitab həvəskarı və mütəxəssisi Zərifə Salahova bu kitabı 1982-ci ildə Moskvadan almış, sonradan isə miniatür kitablara yaranmış böyük sevgisi ilə bu qeyri-adi muzeyi yaratmışdır. Şagirdlər muzeydə olarkən vitrinlərdə düzülmüş çeşidli, rəngarəng və müxtəlif mövzularda olan kitablara maraqla baxıblar. Sonda şagirdlərin hər birinə mini kitab hədiyyələri verilib.